Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2021 17:48
Bakı. Trend:
Kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 3-cü iclası keçirilib. Onlayn iclasda Azərbaycan tərəfdən İşçi Qrupun həmsədri, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Rusiya tərəfdən İşçi Qrupun həmsədri, kənd təsərrüfatı nazirinin müavini Sergey Levin, hər iki ölkənin müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi, aqrar sahədə aparılan islahatlar, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, aqrar xidmətlərin elektronlaşdırılması barədə görüş iştirakçılarına ətraflı məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illərdə qeyri-neft sektoruna göstərilən yüksək diqqət nəticəsində aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub və bu istiqamətdə yeni strateji inkişaf hədəfləri müəyyən edilib. Onlayn iclasda Azərbaycanın aqrar sektorunun perspektivləri, hökumətin aqrar sahədə prioritetləri, eləcə də bu sahədə modernləşmə, ixracın inkişafı və kənd təsərrüfatına maliyyə dəstəyi ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin, Azərbaycan və Rusiya arasında kənd təsərrüfatında hazırki vəziyyət, eləcə də qlobal pandemiyanın bu sektora təsiri barədə müzakirələr aparılıb. Azərbaycanda hökumətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində kənd təsərrüfatının ölkə iqtisadiyyatında ən az ziyan çəkmiş sektor olduğu diqqətə çatdırılıb. Görülən tədbirlər nəticəsində 2020-ci ildə Azərbaycanda ümumi kənd təsərrüfatı məhsulları 2 faiz artıb.
İşçi Qrupun iclasında iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq xüsusi müzakirə mövzusu olub. Bildirilib ki, Rusiya Federasiyası ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələr inkişaf edir.
Tədbirdə Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı məhsullarının idxal-ixrac dövriyyəsinin artırılması, ölkəmizdə aqrar sahəyə investisiyaların cəlbi, bitki sortlarının qeydiyyatı və sınağı sahəsində tədqiqatların aparılması ilə bağlı təcrübə mübadiləsi, baytarlıq və fitosanitar nəzarət sahəsində əməkdaşlıq məsələlərinə toxunulub. Vurğulanıb ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial var.
Hər iki tərəf əməkdaşlıqda maraqlı olduğunu bildirib, gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıb. İclas çərçivəsində kənd təsərrüfatı sahəsində yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi və əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan və Rusiya Kənd təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq memorandumunun imzalanması barədə qarşılıqlı razılıq əldə olunub.