Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2021 21:10
Yeni Zelandiya hökuməti koronavirusun ölkədə yayılmasının qarşısını almaq üçün mübarizə tədbirlərini sərtləşdirib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Baş nazir Casinda Ardern paytaxt Vellinqtonda keçirilən mətbuat konfransında məlumat verib. Hökumət başçısı bildirib ki, Avstraliyanın ən böyük şəhərlərindən olan Oklend giriş-çıxış üçün bağlı elan ediləcək, sakinlərə tibbi maska taxmaları tövsiyə ediləcək.
"Nazirlər Kabinetinin qəbul etdiyi qərar görə, bazar günü saat 23:59-dan sonra Oklend üç gün müddətinə üçüncü təhlükəsizlik dərəcəsinə keçəcək. Bu üç gün ərzində cəmiyyətdə koronavirusun yayılma dərəcəsini müəyyən etmək üçün əlavə informasiyalar toplanacaq və genişmiqyaslı testlər keçiriləcək", - deyə C.Ardern bildirib.
Baş nazir əlavə edib ki, həmin üç gün ərzində Oklenddə bütün müəssisələr və təşkilatlar bağlanacaq, ictimai tədbirlərin böyük hissəsi təxirə salınacaq, ali və orta məktəblər distant təhsilə keçəcək. Şəhər sakinlərinə evdə qalmaq, ictimai yerlərdə sosial məsafəni gözləmək və imkan daxilində tibbi maska taxmaq tövsiyə olunacaq. Şəhərə aparan yollar bağlanacaq, ictimai nəqliyyatın regionlararası hərəkəti məhdudlaşdırılacaq.
Yeni Zelandiyanın digər ərazilərində isə sanitar məhdudiyyətlərin qismən yumşaq növləri tətbiq olunacaq. İctimai tədbirlərdə iştirakçıların sayı 100 nəfərədək azaldılacaq, sosial məsafənin gözlənilməsi tövsiyə olunacaq. Bütün məhdudiyyətlərin fevralın 17-də günün sonunda aradan qaldırılacağı bildirilir. Bununla yanaşı, fevralın 15-də hökumətin tətbiq olunan məhdudiyyətlərin dərəcəsini yenidən dəqiqləşdirəcəyi qeyd edilir.
Yeni Zelandiya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 2330 nəfər koronavirusa yoluxub. Hazırda aktiv xəstələrin sayı 47 nəfərdir və onlar xəstəxanalarda təcrid edilmiş vəziyyətdə saxlanılırlar.
Epidemiya başlayandan bu günədək ölkədə 25 nəfər koronavirusdan həyatını itirib, 2258 nəfər isə sağalıb.