Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İvanovkalı gənclər: Qalib əsgərin sevincini sözlə ifadə etmək olmur - VİDEO - FOTO

İvanovkalı gənclər: Qalib əsgərin sevincini sözlə ifadə etmək olmur - VİDEO - FOTO

Tarix: 14 Fevral 2021 22:26

Qələbə ilə başa çatan haqq savaşımızda talış, avar, ləzgi, yəhudi, bir sözlə, millətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları bir bayraq altında yumruq tək birləşərək düşmənə öz gücünü göstərdi. Vətən müharibəsində ölkəmizin digər azsaylı xalqları ilə yanaşı, rus (molokan) icmasının üzvləri də fədakarlıq edib, torpaqlarımızın azadlığı uğrunda mübarizə aparıblar.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Vətən müharibəsinin qəhrəmanları arasında İsmayıllı rayon İvanovka kənd sakinləri - 24 yaşlı Sapunkov Oleq İvanoviç və 28 yaşlı Xaritonov Andrey Nikolayeviç də var.

Müharibədən əvvəl kolxozda işləyən bu gənclər döyüşlər başlayandan Vətənin müdafiəsinə yollanıblar. Oleqdən fərqli olaraq, Andrey sentyabrın 21-də hərbi təlimlər üçün ordu sıralarına cəlb edilib. Müharibə başlayandan sonra döyüşlərə qatılaraq Ağdam, Suqovuşan və Xocavənd rayonları ərazisindəki əməliyyatlarda fəal iştirak edib.

O deyir ki, qələbə xəbərini də elə döyüş əməliyyatlarına gedərkən eşidib: "Müharibənin sonuncu günü əmr gəldi ki, Ağdama döyüşlərə gedirik. Maşınlara mindik, yol gedəndə rabitə vasitələri ilə xəbər aldıq ki, müharibə qurtardı, ermənilər ağ bayraq qaldırdı. O xəbəri eşidəndə hamımız birlikdə "urrraaa, biz qalib gəldik" deyə qışqırdıq. Sevincimizin həddi-hüdudu yox idi. Qalib əsgərin sevincini sözlə ifadə etmək olmur".

Oleq İvanoviç də oktyabrın 5-də valideynləri ilə vidalaşıb, Vətənin müdafiəsi üçün cəbhəyə yola düşüb. İlk günlərdən Cəbrayıl və Qubadlı uğrunda döyüş əməliyyatlarına qatılıb.

"Vətən bizi çağırdı, heç bir tərəddüd etmədən cəbhəyə yollandıq. Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak etmişəm. Ermənilər Azərbaycan əsgərinin şücaəti və igidliyi qarşısında tab gətirə bilmirdilər. Ona görə də silah-sursatı, texnikanı atıb qaçırdılar. Sonda biz qalib gəldik, düşmənə yerini göstərdik. Bu sevinci yaşadığımız üçün özümüzü xoşbəxt sanırıq", - deyə Oleq bildirir.

Müharibə dövründə İvanovkadan 17 nəfər səfərbərlik xətti ilə ordu sıralarına qatılıb. Eyni zamanda, İvanovka kəndinin sakinləri arxa cəbhədə də orduya dəstək aksiyaları keçirib, ön cəbhəyə yardım göndərilməsində könüllü iştirak ediblər.

Qeyd edək ki, Vətən müharibəsində İvanovka kəndindən bir nəfər - 28 yaşlı Etibar Şirinov şəhidlik zirvəsinə ucalıb.


Etiketlər:  İvanovkalı gənclər Qalib əsgərin sevincini sözlə ifadə etmək olmur VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ