Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əsgərini tərk qoymayaraq, onunla bir yerdə şəhidlik zirvəsinə ucalan baş leytenant - FOTO

Əsgərini tərk qoymayaraq, onunla bir yerdə şəhidlik zirvəsinə ucalan baş leytenant - FOTO

Tarix: 14 Fevral 2021 22:56

Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olar. Ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıqla mübarizə apararaq şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Murad İbadovdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qobustan rayon Cəyirli kənd sakini Murad İbadov 1993-cü ildə anadan olub. Orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2016-cı ildə həmin məktəbi başa vuraraq, N saylı hərbi hissədə hərbi qulluqçu kimi fəaliyyətə başlayıb.

Hələ uşaq yaşlarından böyükdən-kiçiyə hər kəsin hörmətini qazanan baş leytenant Murad xidmət etdiyi hərbi hissədə də əsgərlərinin sevimlisi olub.

Muradın anası Gülcahan İbadova deyir ki, o, çox sakit, təmkinli, vətənpərvər, eyni zamanda, qayğıkeş, ailəcanlı uşaq idi. "Bacılarından balaca olsa da, onların qayğısına qalırdı. Ailəmizin bütün çətinliyi onun üstündə idi. Murad kimi oğlanlarımız Vətənimiz uğrunda qəhrəmanlıqla döyüşdülər, düşmənə qan uddurdular. Mən bütün şəhid analarına səbir arzulayıram. Qazilərimizə isə Allahdan şəfa diləyirəm".

Şəhidin bacısı Aytən İbadova bildirdi ki, qardaşı sonuncu dəfə müharibədən bir neçə gün əvvəl evə gələrək, ailə üzvləri ilə görüşüb. Sanki geri qayıtmayacağını hiss etmişdi... "Evdə oturmuşduq, zəng vurub çağırdılar. Ruh yüksəkliyi ilə bizimlə sağollaşdı, yenidən cəbhəyə qayıtdı. Ondan bir gün sonra müharibə başladı. Demək olar hər gün danışırdıq, yaxşı olduğunu deyirdi. Sonuncu dəfə, oktyabrın 15-də mənə yazmışdı. Ayın 16-sı döyüşə girib, 17-si isə şəhid olub. Həmişə əsgərlərini qoruyardı. Bir əsgəri vardı, adi Zahid idi. Onunla birgə Zahid də şəhid olmuşdu. Muradla onu bir yerdə tapıblar. İkisi ağır yaralı olsalar da, bir-birilərini tək qoyub getməyiblər. Bir yerdə də şəhidlik zirvəsinə ucalıblar".

Tale elə gətirib ki, şəhidimizin təhsil aldığı Cəyirli kənd orta məktəbinin direktoru Buğday Azadənin müharibə dövründə komandiri də məhz baş leytenant Murad İbadov olub.

Buğday Azadə Murad haqqında danışarkən deyib: "Cəbhəyə könüllü yollanmışdım. Təsadüfən Muradın komandiri olduğu bölüyə düşdüm. Oktyabrın 15-dən 16-na keçən gecə Ağdərə istiqamətində qızğın döyüşlər oldu. Həmin döyüşdə Murad öz bölüyü ilə bir çox ərazini işğaldan azad etdi. O, düşmən postuna daxil olaraq bir neçə ermənini gəbərtmişdi, özü də yaralanmışdı. Lakin qarşıya qoyulan vəzifəni tam yerinə yetirmək üçün döyüşməyə davam etdi. O, bir komandir kimi hər kəsə nümunə oldu. İçdiyi andına sadiq qalaraq, torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmanlıq göstərdi və şəhidlik zirvəsinə yüksəldi".

Şəhidin dayısı Şirzad İbrahimovla söhbət zamanı Muradın qanının yerdə qalmadığını bildirdi. "Torpaqlarımız 30 illik həsrətdən sonra öz sahiblərinə qayıtdı. Məhz Murad kimi igidlərin hesabına ərazi bütövlüyümüz bərpa olundu", - deyə o qeyd etdi.

Murad İbadov Aprel döyüşlərinin də iştirakçısı olub. O zaman fəxri fərmana layiq görülən Murad Vətən müharibəsində "Vətən uğrunda" medalı ilə təltif edilib.

Milli.Az


Etiketlər:  Əsgərini tərk qoymayaraq onunla bir yerdə şəhidlik zirvəsinə ucalan baş leytenant FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ