Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 15:04
Ermənistan mədəniyyət nazirinin müavini Janna Andreasyan erməni televiziyasında nasist kollaborasionisti Qaregin Nijdenin ifrat millətçi "Tsağakronizm" ideologiyasının təhlükəsi barədə əhəmiyyətli açıqlamalar verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Andreasyan açıqlamasında Nijdenin "Tsağakronizm" ideologiyasının faşist bir ideologiya olduğunu və müasir sivil cəmiyyətlər üçün böyük təhlükə daşıdığını bildirib.
"Nijde ideologiyası, əslində, faşist bir ideologiyadır. XXI əsrin cəmiyyəti olaraq bizim üçün çox təhlükəlidir, çünki bu ideologiya dünyaya qarşı aqressiya, özünü dünyadan təcrid etmə və digər cəmiyyətlər üzərində üstünlük nümayiş etdirmək prinsipləri əsasında qurulub. Əgər bu təlimdən bütün gözəl sözləri ayırsa, o zaman geriyə çox təhlükəli bünövrə qalacaq",- deyə Andreasyan qeyd edib.
O, erməni cəmiyyətinin sözügedən ideologiyaya görə müasir sivil cəmiyyətlərdən geri qaldığını və alternativ konsepsiyalara ehtiyac olduğunu qeyd edib.
"Sən bu cür mövcud ola bilməzsən, yəni hamıya yuxarıdan bax və eyni zamanda başqalarının sənə qarşı yaxşı münasibət göstərməsini gözlə. Belə olmur. Ətrafdakı hər kəsin axmaq olduğuna inanıb hamını nəzarətimizdə saxlamağa çalışa bilmərik. Belə yaşamaq mümkün deyil. Bizə erməni xalqına aid açıqlaya biləcəyimiz digər konsepsiyalar lazımdır. Hazırda erməni cəmiyyətində yalnız millətçilərin monoloqu davam edir. Ancaq cəmiyyətdəki hər hansı bir monoloqun olması çox təhlükəlidir. Müasir dünya sürətə və müxtəlifliyə əsaslanır və əgər biz bu tendensiyalara uyğun gəlmiriksə, sosial inkişaf meyllərinə uyğun gəlmiriksə, o zaman bu vəziyyətdə dünya ictimaiyyətinin həyatından kənarda qaldığımızı anlamalıyıq", - nazir müavini qeyd edib.