Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əsirlikdə qalan abidələr - VİDEO

Əsirlikdə qalan abidələr - VİDEO

Tarix: 22 Fevral 2021 14:14

Erməni əsirliyində qalan abidələrimizin sayı təqribən 8 mindən çoxdur. Rəsmi məlumatlara görə, məscid və türbələrin sayı 391-dir.

Sonxeber.net Real TV-yə istinadən bildirir ki, söhbət tarixi ərazilərimiz olan Qərbi Azərbaycandan, indiki Ermənistandan gedir. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti quruldu və bu torpaqlarda məskunlaşma siyasəti aparılıb. Məskunlaşma həmin ərazilərdəki mədəni irsimizin ermənilər tərəfindən dağıdaraq yer üzündən silinməsi ilə nəticələnib. Hətta ermənilər azərbaycanlıların yaşadıqları 703 yaşayış məntəqəsinin də adını dəyişdirərək özününküləşdiriblər.

İllərdir erməni əsirliyində qalan dini abidələrimizdən biri də memarlıq üslubuna görə seçilən İrəvandakı Göy məsciddir. İkinci Dünya müharibəsi zamanı Göy məsciddən hərbi sursat anbarı, müharibədən sonra isə Təbiət muzeyi kimi fəaliyyət göstərirdi. Lakin 90-cı illərdə başlayan Ermənistan - Azərbaycan münaqişəsindən sonra abidə baxımsız vəziyyətə qaldı. 1995-ci ildə İranla Ermənistan arasındakı müqaviləyə əsasən İran məscidin yenidən qurulması üçün xərcləri öz üzərinə götürdü. Tamamlama işləri başa çatdıqdan sonra - 2006-cı ildən Ermənistan rəsmiləri Göy məscidi dünyaya "Fars məscidi" kimi təqdim edir.

İrəvandakı Əmir Səəd məqbərəsi hazırda "türkmən əmirləri ailəsinə məxsus mavzoley" adı altında Ermənistanda qorunan tarixi abidələr siyahısına daxil edilib.

Hazırda Zəngəzurun Agudi kəndində yerləşən Ağudi abidəsinin 1400 ilə yaxın tarixi var. Bu nəhəng qəbirüstü abidəni Ermənistan höküməti "qədim erməni abidəsi kimi" qələmə verməyə çalışır.

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirdi ki, bir əsrdən artıq erməni əsirliyində qalan abidələrin taleyi ilə bağlı indiyədək addım atılmasa da, bunların Azərbaycana məxsus olduğunu sübut edən əsaslar var.

Ermənistanın Azərbaycanın tarixi və dini abidələrinə qarşı nümayiş etdirdiyi vandallıq bununla bitmir. Onlar Qarabagdakı abidələrimiz kimi Ermənistan ərazisində olan karvansaralar, imarətlər, məscidlər, məqbərələr və qəbirüstü abidələri də yerlə yeksan ediblər. Bunların sırasında Aşıq Ələsgərin qəbirüstü abidəsi də var. Göyçə mahalında Basarkeçər rayonunda yerləşən abidə 1972-ci ildə aşığın 150 illik yubileyi ilə əlaqədar olaraq ucaldılmışdı. Lakin 1988-1989-cu illərdə Ağkilsə kəndinin sakinləri Ermənistandan deportasiya edildikdən sonra erməni vandalları Aşıq Ələsgərin qəbirüstü abidəsini dağıtdıblar.

İrəvan qalasındakı Sərdar sarayının yaxınlığında yerləşən "Sərdar məscidi"ni isə ermənilər hissə-hissə dağıdıb. Buna "Abbas Mirzə məscidi" də deyirdilər. Ermənistan hökuməti məscidi "qorunan tarixi abidələr" siyahısına daxil edərək 2007-ci ildə Avropa Şurasına təqdim etsə də, 2014-cü ildə tamamilə üzündən silmişdilər.

İrəvan şəhərindəki Təpəbaşı məscidinin minarəsi 1960-cı ildə uçurulmuşdur. Bu nümunələr sübut edir ki, Ermənistanda yerlə yeksan edilən Azərbaycan abidələri təkcə 30 ilə yaxın bir müddətdə olan münaqişə dövründə dağıdılmayıb. Onların insanlığa sığmayan əl izlərini bütün dövrlərdə görmək mümkündür. İrəvan xanlarının nəslindən olan Abbasqulu xanın tikdirdiyi Təpəbaşı məscidinə bitişik saray da vardı. Hazırda erməni ailələrinin yaşadığı bu tikili "Xanın evi" adlandırılır. İndi də məscidin həyətində ermənilər gecəqondular inşa ediblər.

Tarixi abidələrimizdən biri olan Zal xan məscidi İrəvanın mərkəzində yerləşdiyindən buna "Şəhər məscidi" də deyilir. 1928-ci ildə Şəhər məscidinin böyük zalı sökülərək onun yerində "Yerevan" hoteli inşa edilib. Hazırda da otel kimi fəaliyyət göstərsə də, tikilinin bir hissəsində Rəssamlar evinin sərgi salonu yerləşir. Bəs bu vandallığı sübuta yetirmək üçün hardan başlamalıyıq?

Erməni saxtakarlığını sübut edən kifayət qədər faktlar var. Ekspertlər deyir ki, bunlar sübuta yetirildikdən sonra qarşı tərəf hər hansı formada təzminat ödəməli olacaq. Bu, beynəlxalq təcrübədə də mövcuddur. Ukraynanın Rusiyaya qarşı bu istiqamtdə qaldırdığı iddia, Misir Ehramlarının təmiri və bərpası bunun əyani sübutudur.


Etiketlər:  Əsirlikdə qalan abidələr VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ