Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 09:51
Qlobal elektron ticarət bazarının dövriyyəsi sürətlə artır. İstehlakçılar, xüsusən də pandemiya dövründə internet üzərindən daha tez-tez məhsul və xidmətlər sifariş edirlər.
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) son hesabatı elektron ticarətin reytinqi ilə bağlıdır. Müəlliflər Avropa ölkələrində elektron ticarətin uğurunu qeyd edir və aşağı gəlirli ölkələrdə rəqəmsal dəyişikliklərə nail olmağa səsləyirlər.
“ICTnews” Elektron Xəbər Xidməti “news.un.org” saytına istinadən yazır ki, hesabata görə, 2020-ci ildə elektron ticarət sahəsində lider ölkə olmuş İsveçrədə ölkə əhalisinin 97%-i internetə çıxış imkanına malikdir. Reytinqə daxil edilmiş ölkələrin, demək olar ki, hamısı Avropa ölkələridir. Yalnız iki istisna var: Sinqapur 4-cü, Honkonq (Çin) 10-cu yeri tutub. Elektron ticarət üzrə ilk onluğa, həmçinin Danimarka, Böyük Britaniya, Almaniya, Finlandiya, İrlandiya və Norveç daxil edilib. Bu sahədə keçid iqtisadiyyatına malik dövlətlər arasında Belarus və Rusiya liderlik edir.
Hesabat müəllifləri ölkələrin elektron ticarət sahəsindəki nailiyyətlərini bir sıra meyarlar üzrə qiymətləndiriblər: əhalinin təhlükəsiz serverlərə çıxış imkanı, poçt xidmətlərinin etibarlılığı, infrastrukturun mövcudluğu, həmçinin internetə və maliyyə müəssisəsində hesaba malik olan ölkə sakinlərinin sayı.
Bu gün ABŞ və Çin dünyada elektron ticarət üzrə liderdir, amma bu ölkələr reytinqdə müvafiq olaraq 12-ci və 55-ci yerləri tuturlar. Hər iki ölkə ticarətin miqyasına görə liderdir, lakin bir sıra göstəricilər üzrə geri qalırlar. Belə, məsələn, ABŞ-da ilk onluğa daxil edilmiş ölkələrlə müqayisədə daha az insan internetə çıxış imkanına malikdir, Çin isə bu göstərici üzrə ümumiyyətlə dünyada 87-ci yeri tutur.
"Elektron ticarət sahəsində fərq əvvəlki kimi böyükdür” – “UNCTAD”ın nümayəndəsi Şamika Sirimann deyib. – Hətta "G20” ölkələri arasında internet üzərindən alış-veriş edən insanların sayı xeyli fərqlənir: Hindistanda 3%-dən Böyük Britaniyada 87%-dək".
Emil Hüseynov