Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2021 12:02
Yenə anomal hava şəraitindən danışacağıq. Bu dəfə rayonlarımızdakı vəziyyəti göstərəcəyik. Bölgələrimizdə enişli-yoxuşlu yollarda avtomobillərin hərəkəti çətinləşib. Daha çətin vəziyyət Ağsu dolaylarında yaşanıb. Ən çox yağıntı hara yağıb sualına cavabımız Qubadır. Ümumilikdə şimal rayonlarında temperatur isə mənfi 14 dərəcə olub.
Axşam saatlarından qarın yağması Muğanlı-İsmayıllı və Ağsu dolayılarında bir sıra çətinliklərə yol açıb.
Aramsız yağan qar magistral yolları ağ örpəyə bürüyüb. Gün boyu İsmayıllıda Dəmirçi -Lahıc yolu avtomobillərin hərəkəti üçün təhlükəli olub. İsmayıllı-Lahıc, İsmayıllı-Muğanlı, Qəbələ-İsmayıllı və Qaraməryəm-İsmayıllı yollarında nəqliyyatın hərəkətinin təmin olunması üçün yol istismar idarələrinin ağır texnikaları işə cəlb olunub.
Ağsu dolaylarında vəziyyət daha ciddi olub. Qarın yaratdığı buzlaşma nəqliyyatın hərəkətində çətin anlar yaşadıb. Bir neçə surücü hətta yoldan geri qayıdıb.
Qarlı hava Qubada da davam edib. Temperatur mənfi 14 dərəcəyə qədər düşüb. Ancaq bu dəfə rayon ərazisində hər zamankından fərqli mənzərə yaşanıb...
Qar Qubanın bir çox istiqamətlərində yollarda problemlər yaratsa da, təmizləmə işləri aparılıb.
Bildirilir ki, yollar təmizlənsə də, qarın yağmaga davam etməsi buzlaşmaya səbəb olur.
Xızı, Xaçmaz, Siyəzən və Şabran rayonlarında da qar hazırda yağmağa davam edir.