Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2021 20:24
"Bəlkə də bu, bizim üçün bir imtahandır. Çünki klub olaraq hazırkı vəziyyətdən çıxmaq istəyirik. Futbolçular həm məşqdə, həm iclaslarda çox çalışırlar. Çıxış yolları axtarırıq".
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının 17-ci turunun oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəsiss bildirib ki, ilk hissəni rəqibin aktivinə yazmaq olar: "Amma ikinci yarı barədə bunu deməzdim. Biz daha istəkli idik. Topa daha çox sahib olduq. Nəticədə qol da vurduq. Son saniyələrdə qol buraxmaq futbolçulara pis təsir etdi. Onları psixoloji durumdan çıxarmağa çalışacağıq".
Qurbanov hər iki komandanın turnir cədvəlindəki durumunun yaxşı olmadığını söyləyib: "Mübarizəli, gərgin oyun oldu. Son dəqiqələrdə qol buraxmaq məyusedici olsa da, ən azı səfərdən 1 xalla qayıdırıq. Futbolçular bunu dərk etməlidirlər. Psixoloji cəhətdən ayaqda durmağı bacarmalıyıq".
Baş məşqçinin sözlərinə görə, komandası qol vurandan sonra arxayınlaşmayıb: "Futbolçularda istək çox idi. Meydanda sonadək vuruşdular. Amma ani vəziyyətdərəqibi boş buraxdıq və o da fərqləndi. Səhvləri müzakirə etmək və aradan qaldırmaq üçün vaxtımız olacaq".
Mütəxəssis "Keşlə"nin liderlərindən olan Sezar Meza Kollinin erkən əvəzlənməsinin səbəbini də açıqlayıb: "Onu oyundan çıxarmaq istəmirdik. Ayağında ağrılar hiss etdi və əvəz olunmasını istədi. Geniş heyətimiz yoxdur. Ona görə də Meza Kollinin meydanı tərk etməsi planlarımızda yox idi".