Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2021 13:52
Hadisələr göstərir ki, Ermənistanda proseslər çox tez cərəyan edir.
Bunu Sonxeber.net-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq bildirib ki, Paşinyanın yaxın saatlarda istefa verəcəyi ilə bağlı yayılan məlumatlar yalan informasiyadır:
"Ermənistan KİV-lərinə inanmaq düzgün olmaz. Çünki onlar bu son aylar ərzində o qədər belə proqnozlar veriblər, heç biri özünü doğrultmadı. Digər tərəfdən də baxmaq lazımdır, ümumiyyətlə, bu agentliklər, mənbələr hansı siyasi qüvvələrə aiddir. Misal üçün, Paşinyanın əleyhdarları istəklərini reallığa çevirmək istəyirlər. Ona görə də onlara inanmaq düzgün olmaz.
Onların informasiyalarına baxanda görürük ki, guya İrəvanda müxalifətin mitinqlərində ən azı yarım milyon adam iştirak edir. Amma belə deyil, yalandır. Ermənistandakı siyasi qüvvələr bir-birlərini bu yolla aldatmağa çalışırlar. Bunun üçün də düşünürəm ki, Paşinyanın yaxın saatlarda istefa verəcəyi ilə bağlı yayılan məlumatlar yalan informasiyadır. Yeri gəlmişkən, mitinqlər də göstərir ki, Paşinyan heç nədən qorxmadan, rahat şəkildə öz kürsüsündə oturmağa davam edə bilər. Erməni baş nazir bunu heç erkən seçkilər keçirmədən də edə bilər. Onun indi istefa verməsi hansı əsaslarla mümkün ola bilər, bilmirəm. Ona görə də düşünürəm ki, bu informasiya yaxın vaxtlarda özünü doğrultmayacaq".
Qeyd edək ki, "Past" nəşri məlumat yayıb ki, Ermənistan Baş naziri Nikol Paşinyan martın 9-u və ya 10-u istefa verməyə hazırlaşır. Qəzetin yazdığına görə, Paşinyan bir sıra hökumət rəsmilərini 9 martda Baş qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi qərarı qüvvəyə mindikdən və bununla ordudan heç bir təhlükə görmədikdən sonra istefa verəcəyinə və mayda erkən seçkilərin keçiriləcəyinə əmin edib.
Təhməz Əsədov