Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2021 10:48
“Samsung Electronics” korporasiyası “Radiant” şirkəti ilə birlikdə pandemiya şəraitində ofislərdə iş üçün maraqlı həll hazırlayıb. Bu məqsədlə “Galaxy Watch Active2” “ağıllı” saatından istifadə olunur.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, hazırlanan həll ABŞ-da distansiyalı işdən ofislərə qayıdan əməkdaşlara sosial məsafəyə əməl etməyə kömək edir. “Radiant RFID” mobil əlavəsinin quraşdırıldığı saatlar əməkdaşlara təqdim edilir. Proqramın smartfona quraşdırılması tələb olunmur.
Məlumata görə, mobil əlavənin işləməsi üçün “Bluetooth”dan istifadə edilir. Mütəxəssislərin sözlərinə görə, “Bluetooth LE” texnologiyasının iş radiusu əməkdaşların yoluxma riskini azaltmaq üçün riayət etməli olduqları məsafəyə bərabərdir. Beləliklə, iki qurğu bir-birini insanların sosial məsafə qaydalarını pozduğu zaman “görür”.
Saat siqnalı vibrasiya vasitəsilə verir və istifadəçilər bir-birinə 180 sm-dən çox yaxınlaşan zaman “Ehtiyatlı olun” xəbərdarlığını göstərir. Bundan başqa, saat əməkdaşlar qrup şəklində 10 nəfərdən çox toplaşanda xəbərdarlıq edir.
“Radiant” nümayəndələrinin sözlərinə görə, həll qurğunu taxmağa başladıqdan bir neçə gün sonra ofislərdə və istehsalda təhlükəli təmasların sayını 65-70 faiz azaltmağa imkan verir.
Nizam Nuriyev