Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2021 18:42
Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu. Bu dəstəyə görə qardaş Türkiyəyə və onun hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirmək istəyirəm.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışında II Qarabağ müharibəsi haqqında məlumat verərkən deyib.
Dövlət başçısı bildirib:
"Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin. Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu. Bu dəstəyə görə qardaş Türkiyəyə və onun hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirmək istəyirəm. Müharibə dövründə və müxtəlif dövrlərdə Prezident Ərdoğanın və Türkiyənin digər rəsmi şəxslərinin çoxsaylı bəyanatları məsələnin həllində xüsusi önəmli rol oynamışdır. Məni və Azərbaycan xalqını Şuşanın azad olunması ilə əlaqədar ilk təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan olmuşdur. Noyabrın 8-də bu təbriki bizə çatdırmışdır. Türk Şurası sentyabrın 28-də - müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama vermişdir. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar vermişdir. Türk Şurasına biz təşəkkürümüzü bildiririk. Digər beynəlxalq təşkilatlar - Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı bizə öz siyasi dəstəyini göstərmişlər".