Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2021 17:44
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Ümumrespublika Yaşıllaşdırma Marafonu" ("Yaşıl Marafon") çərçivəsində növbəti ağacəkmə aksiyaları keçirilib.
Birlikdən verilən məlumata görə, aprelin 3-də Bakının Qaradağ rayonunda, aprelin 4-də isə Binəqədi rayonunda yerli könüllü gənclərin iştirakı ilə ərazinin torpaq-iqlim şəraitinə uyğun 3000 ədəd müxtəlif cinsli ağac əkilib.
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.
Ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda, iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində əvəzsiz rolu olan yaşıllıqların artırılmasına xüsusi önəm verən IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkəmizin digər rayonlarında da genişmiqyaslı ağacəkmə tədbirlərini davam etdirir.
Yaz və payız ağacəkmə mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkilməsini hədəfləyən layihə tərəfdaşları hər kəsi bu faydalı təşəbbüsə dəstək olmağa və təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.