Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2021 19:52
Əsgər Elşən Ağasıyev Vətən müharibəsində Suqovuşan uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Elşən Ağasıyev 1999-cu ildə Xaçmaz şəhərində doğulub. Müharibə başlamazdan 5 ay əvvəl hərbi xidmətə yollanan qəhrəman əsgər düşmənlə savaşa atılan ilk döyüşçülərimizin sırasında yer alıb.
Döyüş yoldaşlarının bildirdiyinə görə, Elşən savaşın ilk günlərində yaralansa da, ön cəbhəni tərk etməyərək döyüşməyə davam edib.
"Elşən mehriban və vətənpərvər övlad idi. Biz onu elə tərbiyə etmişdik. Döyüşlər başlayanda hamı məni qınayırdı. Deyirdilər, çox narahatsan. Mənim narahatçılığım elə-belə deyildi. Çünki mən oğlumu tanıyırdım. Bilirdim ki, Elşən sakit duran deyil, irəli atılacaq. Onu saxlamaq mümkün deyil. Axırıncı dəfə sentyabrın 30-da danışdıq. Bizimlə sağollaşıb, halallaşdı. Allaha çox sağ ol deyirəm ki, mənə bu cür oğul bəxş edib. Qısa ömrü ilə mənə çox böyük qürur yaşatdı. Cəmi 21 il yaşadı. Amma tarix yazıb getdi. Oğlumla fəxr edirəm", - deyə şəhidin anası Zəminə Ağasıyeva söyləyib.
Elşən Ağasıyevin atası I Qarabağ savaşında dörd il könüllü döyüşüb. Oğlu hərbi xidmətə yollananda atasına bildirib ki, onların yarımçıq qoyduğu işləri tamamlayıb, torpaqlarımızı düşməndən azad edəcək.
"Ötən ilin may ayında hərbi xidmətə başlamışdı. Vətən müharibəsində digər istiqamətlərlə yanaşı, Talış və Suqovuşan uğrunda gedən döyüşlərin də iştirakçısı olub. Suqovuşanda şəhidlik zirvəsinə ucalıb. Mən özüm də 1992-ci ildə Qarabağ döyüşlərində könüllü iştirak etmişəm. Dörd il Füzuli, Ağdam cəbhələrində savaşda olmuşam. Oğlum döyüşən Tərtər istiqamətdə isə olmamışam. Elşən həmişə deyirdi ki, ata sizin yarımçıq qoyduğunuz işləri tamamlayacağam. Doğurdan da döyüşdü və söz verdiyi kimi, bizim bacarmadığımızı həyata keçirdilər. Torpaqlarımız düşməndən azad olundu. Əsgər yoldaşlarının dediyinə görə, Elşən ayağından yaralansa da, döyüşü tərk etməyib və axıradək qəhrəmanlıqla savaşıb. Elə bilirdim oğluma heç nə olmayacaq. Şəhid olacağı ağlıma gəlmirdi. Amma o, Vətən yolunda şəhid oldu", - deyə şəhidin atası Ağabala Ağasıyev bildirib.
Şəhidin qardaşı Sənan deyir ki, Elşən ona həm qardaş, həm dost olub: "Bir yerdə idmana getmişik. Sərbəst güləşlə məşğul olurdu. Medallar da qazanıb. Müharibədən danışanda irəli getdiklərini deyirdi. Dostlarına bildirmişdi ki, şəhid olacaq. Elə də oldu. Oktyabrın 3-də şəhidlik zirvəsinə ucalması ilə bağlı xəbər aldıq".
Şəhid Elşən Ağasıyev ölümündən sonra "Laçının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.