Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2021 19:52
Kainatın genişlənməsi daha da sürətlə gedir. Lakin alimlər bunun səbəbini anlaya bilmirlər. Mövcud olan müasir nəzəriyyələrə əsasən bunun səbəbinin arxasında qara enerji adlı anlayış dayanır. Lakin onun həqiqətən də mövcud olub-olmaması bilinmir. Danimarkalı alimlərin təqdim etdikləri yeni nəzəriyyə qara materiyanı qeyri adi maqnit özəlliklər ilə təmin edir. Bu halda o, müşahidə olunan kainat genişlənməsini izah edir və qara enerjinin mövcudluğuna ehtiyac duymur. Bu barədə New Atlas saytı xəbər verib. Ən geniş yayılmış kosmoloji model kainatın tərkibini 3 əsas hissəyə bölür.
Müasir elmdə qəbul edilmiş inanışa əsasən kainatın 68%-i qara enerjidən, 27%-i isə qara materiyadan ibarətdir. Görünür, qara materiya qalaktikaları bir yerdə saxlayır, lakin işıqla qarşılıqlı əlaqədə olmadığı üçün onu aşkar etmək çox qəlizdir. Kopenhagen Universitetinin alimləri ümumiyyətlə 2 qara anlayışdan imtinanın mümkün olub-olmadığını yoxlamaq istəyiblər. Onlar güman edirlər ki, əgər qara materiya daha bir qeyri adi özəlliklə təmin edilsə, qara enerji konsepsiyasından imtina etmək olar.
Alimlər kainat barəsində bilinən hər şeyi (qravitasiya, genişlənmə sürəti və s.) özündə birləşdirən yeni model yaradıblar. Lakin həmin modelə genişlənmə sürətinin yüksəlməsini idarə edən kosmologiya sabitliyi nəzəriyyəsi əlavə edilməyib. Onun yerinə alimlər qara materiya hissəciklərinə əlavə güc veriblər və həmin güc öz sürətinin kvadratı ilə mütənasib olub. Maraqlısı ondadır ki, təcrübə çərçivəsində yaradılmış yeni modeldə kainat real kainatda müşahidə olunan genişlənmə şəklində genişlənir. Beləliklə kainatın genişlənmə sürətinin artması üçün maqnetizmə sahib qara materiya kifayət edib. Hər halda bu hələ ki, sadəcə olaraq maraqlı bir ideyadır və onun üzərində daha detallı modellər vasitəsilə tədqiqatlar aparmaq lazımdır.