Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda yeni dönəm - Bütün proseslər vahid mərkəzdən idarə olunacaq

Azərbaycanda yeni dönəm - Bütün proseslər vahid mərkəzdən idarə olunacaq

Tarix: 22 Aprel 2021 16:56

"Son illərdə Azərbaycanda sahibkarlığın, özəl sektorun və xüsusi ilə də, qeyri neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları nəticəsində yeni zavod, fabrik və istehsal müəssisələrinin yaradılması ölkənin iqtisadi potensialını gücləndirir, iqtisadi rifahın formalaşmasına təkan verir, işsizlik dərəcəsinin azaldılmasına təsir göstərir". 

Bunu Milli.Az-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib.

Ekspert bildirib ki, aqroparklarda genetik modifikasıyası olmayan, təbii məhsullar əldə ediləcək:

"Rayonların, bütövlükdə Azərbaycanın iqtisadi potensialının güclənməsinə dəstək verən layihələrdən biri də aqroparkların salınmasıdır. Aqroparkların yaradılması xüsusi olaraq kənd təsərrüfatı sektorunun inkişafında və kənd təsərrüfatı məhsullarının dəyər zəncirinin formalaşdırılmasında əhəmiyyətli rola malikdir. Belə ki, aqroparklar biznes modeli olaraq kənd təsərrüfatı məhsullarının istehsalını, emal proseslərini, eləcə də, marketinq, satış və logistika fəaliyyətlərini özündə birləşdirir. Öncələr kənd təsərrüfatı məhsullarının istehsalından satışına qədər hər mərhələsi fərqli sahibkarlar tərəfindən keçirilirdisə, indi bütün proseslər vahid mərkəzdən idarə olunacaqdır. Bu istiqamətdə həm məhsuldarlığın artması, həm gəlirliliyin yüksəlməsi, həm də məhsul üzrə vahid dəyər zəncirinin formalaşması önəmli hesab olunur. Aqroparkların yaradılmasının digər əhəmiyyəti torpaq, su və digər resursların səmərəli istifadəsindədir. Bu müəssisələrdə xüsusi laboratoriyalar qurulur ki, bu da öz növbəsində, istehsaldan öncə torpağın, suyun əkin və bitkiçilik üçün nə qədər səmərəli olduğunu kontrol edir. Bu çərçivədə, aqroparklarda genetik modifikasıyası olmayan, təbii məhsulların alınması da özlüyündə iqtisadi dəyər formalaşdırır". 

E.Səfərli deyib ki, aqroparklardan əldə olunan məhsullar müxtəlif ölkələrə ixrac da ediləcək:

"Dövlət səviyyəsində Azərbaycan üzrə toplam 45 aqroparkın ilkin mərhələdə yaradılması nəzərdə tutulub. Bunlar artıq bir neçəsi istifadəyə verilib. Bu müəssisələrin yaradılmasına böyük həcmi dövlət subsidiyalarının ayrılması da, dövlətin aqroparkların yaradılmasında önəmli marağını əks etdirir. Təbii ki, aqroparklardan əldə olunan məhsullar sadəcə yerli bazar üçün nəzərdə tutulmayıb. Bu həm də, digər ticarət əlaqələrimiz olan ölkərə ixrac potensialımıza da təsir göstərir. Aqroparkların yaradılması həm də regionlarda işsizlik səviyyəsinin azalmasına xüsusi təsir göstərir.

Bu tip aqroparkların inşası işğaldan azad olunmuş Qarabağda da həyata keçirilməsi nəzərdə tutulub. Regionun əlverişli iqlim şəraitinə və eləcə də, kənd təsərüfatı üçün yararlı torpaqlara məxsus olması, kənd təsərrüfatının inkişafına, bitkiçilik, tərəvəz məhsullarının istehsalına və eləcə də, heyvandarlıq sahəsinin inkişafına böyük təkan verəcəkdir. Sadəcə 7 rayonun kənd təsərrüfatına yararlı torpaqlarının ümumi həcmi 535 min hektar təşkil edir. Bu baxımdan, Qarabağda kənd təsərrüfatının ən son texnologiyalar vasitəsilə inkişaf etdirilərək aqropark biznes müəssisəsinə çevrilməsi, həm yerli tələbatın ödənilməsi istiqamətində töhvə verəcək, eyni zamanda məhsulların xarici ölkələr ixrac olunması üçün dəyər formalaşdıracaqdır. 

Aqroparkların effektiv iqtisadi nəticə ortaya qoyması üçün subsidiyalarla yanaşı dövlət bəzi addımlar atmalıdır. Belə ki, bu istiqamətdə var olan və bu tip müəssisələrin fəaliyyəti üçün nəzərdə tutulan qanunvericilik təkmilləşdirilməli, xüsusi güzəştlər nəzərdə tutulmalı və investorların bu sahəyə cəlb olunması üçün təşviq proqramları daha artırılmalıdır". 

Təhməz Əsədov

Milli.Az


Etiketlər:  Azərbaycanda yeni dönəm Bütün proseslər vahid mərkəzdən idarə olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ