Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2019 12:57
Bakı. Elçin Mehdiyev – Trend:
Neftin qiyməti ilin əvvəlindən 20 faizə qədər artıb və 66 dollardır. Bu, bizim daxili proqnozlarımızda, yəni büdcə və sosial-iqtisadi proqnozlarda qoyduğumuz proqnozdan 6 dollar çoxdur.
Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.
E.Rüstəmov bildirib ki, strateji valyuta ehtiyatlarımız son illərdə əhəmiyyətli dərəcədə artıb: “Biz inamla bütövlükdə böhrandan öncəki səviyyəni bərpa etməyə doğru gedirik. Qırx doqquz milyard dollar bizim ümumi daxili məhsuldan daha çoxdur. Bu, Azərbaycanın həm yüksək beynəlxalq ödəmə qabiliyyətini, həm də yüksək maliyyə təhlükəsizliyini ifadə edir.
Mərkəzi Bankın özünün də valyuta ehtiyatları artır. Cari ildə biz valyuta ehtiyatlarımızı 330 milyon dollardan çox artırmışıq. Amma diqqətinizi ona cəlb etmək istəyirəm ki, valyuta ehtiyatlarının idarə olunmasının effektivliyinin artırılması olduqca mühüm məsələdir. Bu vəsaitin təxminən 100 milyon dollardan çoxunu biz altı ayda xarici idarəetmədən almışıq. Baxmayaraq ki, beynəlxalq maliyyə bazarlarında vəziyyət kifayət qədər mürəkkəbdir və faiz dərəcələri aşağıdır. Biz ili 3,2 faiz gəlirlə başa vurmağı düşünürük”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin