Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2021 15:36
Münaqişə sona çatıb, Dağlıq Qarabağ münaqişəsi mövcud deyil. Azərbaycanda "Dağlıq Qarabağ" deyilən bir məfhum-qurum yoxdur. Hazırda biz bir-birimizlə əməkdaşlığa əngəl yarada biləcək bir problem görmürük.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı müzakirələrdə Rumıniyanın sabiq Baş naziri Petre Romanın bəzi erməni siyasətçilərini Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin liderləri ilə dialoqa dəvət etməyin mümkünlüyünə dair sualına cavabında bildirib.
Dövlətimizin başçısı bunla bağlı fikrini çatdıraraq deyib: "Əslində, biz artıq əməkdaşlıq edirik. Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri hazırda Zəngəzur dəhlizi ilə bağlı konkret məsələlər üzərində birgə iş aparırlar. Buna görə də, prinsipcə, düşünürəm ki, erməni siyasətçilərin Nizami Mərkəzində təşkil olunan tədbir və müzakirələrdə iştirakları mümkündür".
Prezident İlham Əliyev əlavə edib ki, nadir beynəlxalq institut olan Nizami Mərkəzi eyni dəyərləri paylaşan insanlar sayəsində yaranıb. "Nizami Mərkəzindəki böyük şəxsiyyətlərın sayı artıq insani keyfiyyətlər və baxış nöqteyi-nəzərdən meyarları müəyyən edir. Hamınızı əməkdaşlıq, təhlükəsizlik, yaxşı qonşuluq siyasəti və digər nəcib fikirlər birləşdirir. Buna görə də, əgər bəzi erməni siyasətçilərin Mərkəzə qatılmalarından söz gedirsə, mən etiraz etmirəm. Lakin həmin şəxs Nizami Mərkəzini qarşıdurma, iddia və iddialar məkanına çevirməmək üçün bu meyarlara cavab verməlidir. Əgər cənab Roman və digər dostlarımız Ermənistanda belə bir siyasətçini tapa bilsələr, onun kimliyini bilmək çox maraqlı olardı. Lakin, çox güman ki, belə bir adam var və mənim buna münasibətim tamamilə normal olacaq".