Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2021 17:30
"Açıq deyək, ümumiyyətlə Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması üçün nə siyasi zəmin var, nədəki belə bir ehtiyac".
Bunu Sonxeber.net-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, proseslər bizim üçün, Türkiyə üçün lazımı istiqamətdə inkişaf edir:
"Türkiyə ilə bizim qardaşlıq münasibətlərimiz, ordularımız arasında sıx əlaqələr bu cür perespektivləri aradan götrürür. Çünkü fərz edək ki, birdən müharibə başlasa Türkiyənin Hava Qüvvələrinin qırıcıları bir neçə dəqiqəyə Azərbaycana gələ bilərlər və yaxud da ki, Türkiyə qoşunları bir neçə saat ərzində Azərbaycana gələ bilərlər. Hər halda Şuşa Bəyannaməsi buna imkanlar yaradır. Belə olan halda xüsusi bazanın yaradılmasına hansı ehtiyac var?! Eyni zamanda onu da demək lazımdır ki, Azərbaycan Ordusu Türkiyə Ordusu standartına yaxınlaşmaqdadır və Türkiyə Ordusunun hazırlıq səviyyəsinə çatmalıdır. Buna da il ərzində keçirilən çoxlu sayda Azərbaycan-Türkiyə birgə təlimləri imkan verir. Bu təlimlərin sayı da azalmayacaq, eyni zamanda o təlimlərin keçirilməsi səyləri artacaq, kəmiyyəti, keyfiyyəti baxımından da inkişaf olacaq. Belə bir vəziyyətdə Türkiyənin hərbi bazasına heç ehtiyac da qalmır.
Azərbaycan Qoşulmama Hərəkatının nəinki üzvüdür, onun sədridir. Digər yandan, bizim hərbi doktrinamızda müddəlar əks olunub ki, Azərbaycan digər ölkələrin hərbi bazalarını öz ərazisində yerləşdirə bilməz. Lakin hansısa beynəlxalq sənədlər qəbul olunandan sonra burada istisnalar ola bilər. İndi o istisanalara heç bir ehtiyac yoxdur.
Bu cür söz-söhbətlər daha çox spekulyativ xarakter daşıyır. Kimsə belə bir mənzərə yaradaraq göstərməyə çalışır ki, güya Türkiyə Azərbaycanı zəbt edir, Azərbaycanı öz təsiri altına alır və Azərbaycanda hərbi platsdarm qurmaq niyyətindədir, bu hərbi mövcudluğunu digər regionlarda, xüsusi ilə Mərkəzi Asiya istiqamətində çoxalsın. bax, belə bir mənzərə yaratmaq istəyirlər. Bununla da güya Türkiyənin planlarının qarşısını almaq istəyirlər. Belə yanaşmalar Türkiyəyə qarşı hansısa təzyiqlər üçün mövcuddur. Bu dezinformasiyalar daha çox Ermənistanın və ermənipərəst qüvvələrin səyi nəticəsində tirajlanır və onların maraqlarına xidmət edir. Amma mən təssüflə qeyd etməliyəm ki, bizim özümüzdə də bu cür fikirlərə rast gəlmək olar.
Burada çox ehtiyyatla davranmaq lazımdır. Öz istəyini rellığa çevirmək üçün əsaslar tapmaq düzgün olmazdı. Proseslər bizim üçün, Türkiyə üçün lazımı istiqamətdə inkişaf edir. Bir də Şuşa Bəyannaməsində diqqəti bu məsələyə cəlb etmək istəyirəm ki, orada yazılıb ki, iki ölkə müstəqil siyasi kurs yürüdərək bir-birinin daxili işlərinə qoşulmamaq şərti ilə filan-filan öhdəlikləri götürürlər. Yəni biz iki müstəqil dövlət olaraq bərabərhüquqlu şəkildə əməkdaşlıq edirik. Heç kəs heç kəsə tabe olmur, heç kəs heç kəsi zəbt etmir, hansısa ölkənin maraqları digər ölkənin maraqlarından üstün deyil".
Təhməz Əsədov