Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvanın seçimi qalmadı

İrəvanın seçimi qalmadı

Tarix: 23 Iyun 2021 11:06

Beləliklə, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan proqnozları alt-üst edərək rəqiblərini darmadağın etməyə müvəffəq oldu. Əksər ekspert və müşahidəçilər sabiq prezident Robert Köçəryanın uğur qazanacağını proqnoz edirdilər. Tam qələbə olmasa da, hər halda koalisiya qurulacağı şəksiz idi. 44 günlük müharibədəki acınacaqlı məğlubiyyət, sərhəd münaqişəsindəki uğursuzluqlar da bunu deməyə əsas verirdi. Lakin erməni xalqı bütün bu proqnozların üstündüən xətt çəkdi. Nikol Paşinyana səs verməklə bir daha köhnə sistemə dönmək istəmədiyini ortaya qoydu.

Erməni xalqı bu seçimi ilə göstərdi ki, qonşulara qarşı ərazi iddiaları irəli sürən, revanşist əhval-ruhiyyəli köhnə rejimi istəmir. Yeni kommunikasiya xətlərinə qoşulmaq, faydalanmaq istəyir. Başqa bir faktor da odur ki, əhali artıq boyunduruq altında yaşamaq, forpost statusundan qurtulmaqda maraqlıdır. Məğlubiyyəti reallaşdıran əsas faktorlardan biri də bu idi ki, Nikola qarşı olan müxalifət birləşə bilmədi, hərə ayrı kolonla getdi. Hakimiyyət isə effektiv və sınaqdan keçmiş "bəli, ola bilər bizdə indi yaxşı deyil, amma xatırlayın, əvvəl necə idi" strategiyasından istifadə etdi.

Beləliklə, erməni cəmiyyəti bu seçimi ilə Azərbaycanla sülh yolunu seçdi. Seçkilər həm də, erməni xalqının Qarabağdakı məğlubiyyətə görə kimi məsul hesab etdiklərini göstərmiş oldu. Həqiqətən də ordunun belə bir rəzil durumda olmasının səbəbkarı Nikol Paşinyan yox, əvvəlki hakimiyyət olub. Robert Köçəryan və Serj Sarkisyan Qarabağda Azərbaycana qarşı mübarizə aparmaq istəyən "Qarabağ klanı"nı təmsil edir. N.Paşinyan isə 10 noyabrda imzalanan sülh razılaşmasının yekunu olacaq sülh sazişinə doğru gedir. İnsanlar məhz bu yolu seçir. Əsas cəhətlərdən də biri odur ki, erməni cəmiyyəti artıq millətçilik ideyalardan əl çəkməyə çalışır. Normal düşüncəsi olan hər bir insan da gördü ki, millətçilik ideyası insanların həyatına müsbət heç nə gətirmədi. Ancaq və ancaq bədbəxtlik və ətraf aləmdən təcrid, miqrasiya, beynəlxalq regional layihələrdən məhrum olma gətirdi.

Bəli, Paşinyanın qələbəsi baş verəcək ən yaxşı haldır. Lakin Ermənistan üçün yeni səhifənin açıldığını demək hələ tezdir. İstənilən halda hakimiyyətin indiki baş nazirlə davam etdirilməsidir. Bununla belə, Ermənistanın qonşuları ilə sülh şəraitində yaşayacağına ümidlər var.

Azər Nuriyev


Etiketlər:  İrəvanın seçimi qalmadı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ