Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2019 22:32
“Qarabağ”ın qapıçısı Vaqner da Silva Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə “Zirə”yə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, ilk növbədə matç haqda danışıb.
- Bu cür oyunlar qapıçılar üçün daha çətin və təhlükəli olur. Düşünürsən ki, komandan üstündür, sonda isə ani bir diqqətsizlik narahatlıqla nəticələnə bilər. Ona görə də, konsentrasiyanı sonadək saxlamalı oluruq.
- 3:0 hesablı qələbə qazandınız. Üstünlük oyunboyu komandanızda olub. Gözlənilən qələbə idi? Ümumiyyətlə, qarşılaşmanı necə dəyərləndirirsiz?
- Çempionatın sonuna yaxınlaşdıqca məsuliyyət daha da artır, oyunlar daha da çətinləşir. Rəqibi də kiçiltməmək lazımdır. Baxmayaraq ki, hesabda böyük fərqlə üstün idik, asan matç olmadığını düşünürəm.
- Deyəsən, karyeranızda çempionluq olmayıb.
- 2005-ci ildə “Aletiko Paranayas” ilə çempion olsam da, orada ehtiyatda qalırdım, oynamırdım. Bir də, Portuqaliyanın 2-ci divizionunda “Eştoril”lə çempionluq yaşamışam.
- Sona 2 matç qalıb. Bu 2 oyundan maksimum xalla ayrılmaq mümkün olacaqmı?
- Yalnız 2 qarşılaşma deməzdim. Qarşıda kubok oyunu var. Ona köklənməliyik. Ondan sonra Premyer Liqada “Səbail”lə qarşılaşacağıq. Son oyunlar bizim üçün demək olar ki, final xarakteri daşıyır.
- Hannes Halldorssonun komandadan ayrılması işinizi asanlaşdırır, yoxsa çətinləşdirir? Əsas heyətə düşməyinizə hər hansı bir təsiri oldu?
- Hannes burada olanda da demişdim ki, heyətimiz genişdir. Bizdə bəlli 11-lik yoxdur. Baş məşqçinin seçimindən asılıdır. Kim məşqlərdə özünü yaxşı göstərsə, o da əsas heyətdə yer alır. Hannesin getməsi ilə mənim startda yer almağımın heç bir əlaqəsi yoxdur. Mən həmişə əlimdən gələni edirəm ki, əsas heyətə düşüm.
- Sizcə, “Neftçi”ni məğlub edə biləcəksiz? Mövsüm ərzində 2 dəfə 1:1 nəticəsi qeydə alınıb, 1 dəfə də 1:3 hesabı ilə məğlub olmusunuz.
- Ən böyük komandalarda da düşüncə tərzi belədir ki, bir oyun bitdisə, növbəti oyun haqda düşünülür. Dediyim kimi, qarşıdan kubok matçı gəlir. Həmin qarşılaşmaya köklənməliyik.