Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2021 15:24
Vətən müharibəsindəki qələbə təkcə Azərbaycan torpaqlarının 30 illik işğalına yox, region dövlətlərinin də gələcək inkişaf perespektivini artırmaq, yeni dünya düzəni ilə ayaqlaşmaq üçün böyük fürsət yaratdı.
10 noyabr bəyanatı ilə Ermənistanı kapitulyasiya aktına imza atmağa vadar edən Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi reallığı köklü surətdə dəyişməklə əməkdaşlığa, sülhə, regional və qlobal miqyasda dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasına istiqamətlənmiş strateji kurs həyata keçirir. Elə bunu bu gün Prezident İlham Əliyev də XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciəti zamanı qeyd edib.
Bu yolda şübhəsiz ki, Azərbaycanla birgə regionun kommunikasiya və logistika potensialından səmərəli istifadəyə imkan yaradan, hər kəs üçün faydalı, firavan, layiqli gələcəyin qurulması naminə inamla birgə addımlamaq üçün 44 günlük müharibənin ilk anlarından olduğu kimi indi də qardaş Türkiyənin xidmətləri danılmazdır. Dövlət başçısı Zirvə Toplantısının iştirakçılarına müraciəti zamanı qlobal təhlükəsizliyə təhdid yaradan bir sıra riskləri məhz yalnız qlobal əməkdaşlıqla dəf etməyin mümkün olduğunu bildirib.
İnsanlığı təhdid edən problemlər üzərində birgə iş birliyi, haqq-ədalətin bərqərar olması, regional əməkdaşlıq, bərabərsizliyin aradan qaldırılmasını yeni geosiyasi nizamın başlıca şərti adlandıran dövlət başçısı, buna ən böyük nümunə kimi Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarının diqqətinə Azərbaycan-Türkiyə əməkdaşlığını çatdırıb. O, 30 il ərzində insanlıq əleyhinə törədilmiş cinayətlərə, işğala son qoyan və regionda böyük inkişafa yol açan bu prosesdə qardaş Türkiyənin hər zaman Azərbaycana yüksək dəstək verdiyini diqqətə çatdırmaqla yeni reallıq fonunda dünyaya sonda ədalətin, haqqın qələbə çaldığı mesajını verib.
Vətən müharibəsinin əsas qəhramanlarından olan dövlət başçısının yeni geosiyasi reallığın ən böyük təntənəsi kimi isə Şuşa Bəyannaməsini qeyd etməsi bir daha bu tarixi sənədin nəyinki iki dövlət, bütövülkdə region, Avrasiya məkanı üçün olduqca böyük əhəmiyyətə malik olduğunu təsdiq edir. Bu tarixi sənədi Azərbaycanla Türkiyə arasında qardaşlığın, dostluğun, tərəfdaşlıq münasibətlərinin müttəfiqlik statusunda rəsmiləşdiilməsi kimi də dəyərləndirə bilərik. Təhlükəsizlik və sülhə yüksək zəmanət sənədi olan Şuşa Bəyannaməsinə Azərbaycan Prezidentinin verdiyi bu böyük dəyər bir daha onun Cənubi Qafqaz daxil olmaqla bütövlükdə Avrasiya üçün strateji əhəmiyyətini ortaya qoyur.
Müharibənin yaratdığı yeni geosiyasi reallıq çərçivəsində Azərbaycan və Türkiyə regionun kommunikasiya və logistika potensialından səmərəli istifadəyə imkan yaradan, hər kəs üçün faydalı gələcəyin qurulması naminə inamla birgə addımlayır. Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin nəyinki region, ümumilikdə Avrasiya üçün vacib sənəd olduğuna diqqəti yönəltməkdə təbii ki, səbəblər var. Ölkələrimizin enerji təhlükəsizliyinin təminatındakı qlobal rolu Avrasiyada davamlı əməkdaşlıq və xalqların rifahı üçün mühim amil hesab edilir. Məhz bu sənədin təhlükəsizlik zəmanəti olduğunu nəzərə alsaq, o zaman Şuşa Bəyannaməsinin bütövlükdə Avrasiya üçün strateji əhəmiyyət daşıdığını görməmək mümkün deyil.
Bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi (Şuşa Bəyannaməsi məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixində imzalandı - red) bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir.
Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir. Bu gündən sonra da qlobal təhlükəsizliyə təhdid yaradan riskləri dəf etmək üçün Azərbaycan və Türkiyənin bundan sonra da birgə mübarizə aparacağı barədə mesajlar Prezident İlham Əliyevin Zirvə Toplantısının iştirakçılarına müraciətinin ana xəttini təşkil edib.
Təhməz Əsədov