Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uşağın döyüldüyü deyilən video haqda - Rəsmi açıqlama

Uşağın döyüldüyü deyilən video haqda - Rəsmi açıqlama

Tarix: 3 Avqust 2021 13:14

Sosial şəbəkələrdə uşağın küçədə dayəsi tərəfindən döyüldüyü iddia edilən video yayılıb. Hadisə zamanı dayə həmin videonu çəkən şəxsə öz iradını bildirir. Bu zaman arabada əyləşən azyaşlı da ağlamağa başlayır. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, video ictimailəşəndən sonra özünü uşağın anası kimi təqdim edən şəxs görüntüləri paylaşan səhifələrdən birinə müraciət edərək bundan xəbərdar olduğunu bildirib. Yayılan səs yazılarında həmin qadın övladının idarəolunmaz olduğunu, dayənin də buna görə onu döydüyünü deyib. Dolayısı ilə döyülməyə haqq qazandıran şəxs və ümumi video ilə bağlı Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinə müraciət etdik.

Komitənin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu saytımıza bildirdi ki, video yayıldıqdan sonra hadisə komitə tərəfindən araşdırılıb: "Həmin ailə ötən gün komitəyə dəvət  olundu. Ana İlahə Xəlilova, ata Anar Xəlilov və dayə Çiçək Cəlilova ilə fərdi söhbətlər aparıldı. Ana uşağının autizm xəstəliyinin olmadığını da söhbət zamanı qeyd edib. Ailə videonu yayan şəxsdən şikayətçidir və bununla bağlı məhkəməyə müraciət etməyə hazırlaşır. Eyni zamanda qeyd etdilər ki, uşaqla həmişə yaxşı davranılır. Dayə ilə də fərdi söhbət apardıq. O bildirdi ki, illərdir həmin uşağa baxır və öz qohumudur.  Araşdırma zamanı da uşağın üzərində heç bir döyülmə faktına rast gəlinmədi".

Sözügedən video ilə bağlı eyni zamanda Daxili İşlər Nazirliyinə də müraciət etdik. Nazirliyin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, məsələdən məlumatlıdırlar. Hazırda DİN-də də hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, videonu çəkən qadın bildirib ki, hadisə Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Onun sözlərinə görə, 3-4 yaşlı oğlan uşaq arabasından düşüb gəzmək istəsə də, dayə buna icazə verməyib. Qadın müdaxilə etmək istəyən zaman isə dayə uşağı döydüyü oyuncaq vasitəsilə onu da vurub.

Milli.Az


Etiketlər:  Uşağın döyüldüyü deyilən video haqda Rəsmi açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ