Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid qardaşı: Əli kimi qəhrəman olmaq istəyirəm - FOTO

Şəhid qardaşı: Əli kimi qəhrəman olmaq istəyirəm - FOTO

Tarix: 16 Avqust 2021 21:56

Qırx dörd gün davam edən Vətən müharibəsində torpaqlarımızın mənfur düşməndən azad olunması üçün xalqımızın qəhrəman oğulları canlarından keçdilər. Belə cəsur, igid Vətən övladlarımızdan biri də İkinci Qarabağ müharibəsində böyük şücaət göstərərək qəhrəmancasına şəhadətə ucalan Xüsusi Təyinatlı Qüvvələrin əsgəri Mehdizadə Əli Məcid oğludur.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 2001-ci ildə Lənkəranda dünyaya göz açan Əli Mehdizadə müharibə başlayanda Vətəninin, millətinin səsinə ilk səs verənlərdən oldu. Qəhrəman əsgər Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.

Əli Cəbrayıl istiqamətində çiynindən qəlpə yarası alıb və hospitala yerləşdirilsə də, müalicəsi bitdikdən sonra yenidən döyüş meydanına atılıb. Noyabrın 1-də Şuşanın Daşaltı kəndi istiqamətində şəhid olub.

Şəhidin atası Məcid Mehdizadə deyir ki, oğlunun Vətən uğrunda şəhid olması ilə fəxr edir: "O, sanki şəhidlik üçün yaranmışdı. Torpaqlarımızı azad etmək üçün alışıb-yanırdı. Hər il onun ad gününü bir yerdə qeyd edərdik. Ancaq indi - 20 yaşını onsuz keçiririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Əhməd Mehdizadə isə qardaşı Əlinin onun üçün örnək olduğunu söyləyir. Bildirir ki, o, da Əli kimi qəhrəman olmaq istəyir. "Bu gün hər kəs Əlidən, onun qəhrəmanlığından danışır. O, düşmənin neçə-neçə canlı qüvvəsini və texnikasını məhv etmişdi. Fəxr edirəm ki, Əli kimi igidin qardaşıyam", - deyə o vurğulayıb.

Qeyd edək ki, Əli Mehdizadə "Şücaətə görə", "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.


Etiketlər:  Şəhid qardaşı Əli kimi qəhrəman olmaq istəyirəm FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ