Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2021 22:52
Vətən müharibəsinin qəhrəmanlarından olan şəhid Şamil Əliyev hələ Aprel döyüşlərində ermənilərin qorxulu kabusuna çevrilmişdi. O, qəhrəman kimi yaşadığı ömrünü ən uca zirvədə - şəhidlik məqamı ilə başa vurdu, həm də ata-baba yurdu olan Füzuli rayonunun azadlığı uğrunda.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Əliyev Şamil Xançoban oğlu 1996-cı il martın 20-də dünyaya göz açmışdı. Hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə seçilirdi. Hərbçi olmaq arzusu ilə yaşayan Şamil həqiqi hərbi xidmətini də ən çətin və şərəfli bir vəzifədə - kəşfiyyatçı olaraq yerinə yetirdi. Xidmətini fərqlənmə ilə bitirən Şamil evə döndükdən sonra ailəsindən xəbərsiz yenidən ordu sıralarında xidmət etmək üçün müraciət edib və arzusuna da çatıb. 2015-ci ildən müddətdən artıq xidmətçi kimi Vətənin keşiyində dayanan Şamil xüsusi təyinatlı qüvvələrdə kəşfiyyatçı kimi xidmətini davam etdirib. 2020-ci il sentyabrın 27-də düşmən təxribatının qarşısının alınması məqsədilə ordumuzun əks-hücumunda Şamil də ön sıralarda döyüşə qatılıb.
Şəhid anası Sədaqət Əliyeva qəhrəman oğlu haqqında fəxrlə danışır. Vətən müharibəsində xəstəxanada tibb bacısı işləyən Sədaqət Əliyeva deyir ki, hər dəfə təxliyə maşını gəldikdə çox həyəcanlı anlar keçirib: "Yaralılarımıza ilkin tibbi yardım göstərmək üçün var gücümüzlə çalışırdıq. Şamillə hər gün əlaqə saxlayırdıq və torpaqlarımızın azad edilməsi müjdəsini bizə çatdırırdı. Deyirdi ki, az qalıb Şuşaya da bayrağımızı sancacağıq".
Oktyabr ayının 16-da birgünlük istirahət üçün evə buraxılan Sədaqət Əliyevaya vaxtısz zəng gəlir, onu xəstəxanaya çağırırlar. "Həmin gün çox narahat idim, sanki nəsə itirmişdim, tapa bilmirdim. Amma Şamilin şəhid olacağı heç ağlıma gəlmirdi. Çünki o, yaralı halda belə döyüşə atılan qəhrəman idi. Lakin xəstəxanaya çatanda övladımın şəhid olduğunu öyrəndim. Çətin olsa da, övladımın Vətən uğrunda şəhid olması ilə qürur duyuram", - deyə şəhid anası bildirir.
Şəhidin dostu Naib Əliyev isə deyir ki, Şamil düşmənin xeyli canlı qüvvəsinin və texnikasının məhv edilməsində şücaət göstərib. Hətta ermənilərin xüsusi təyinatlı hərbçilərinin əsir götürülməsində iştirak edib. Onun döyüş yolu Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində olub.
Vətən müharibəsində Əliyevlər ailəsindən iki qardaş Şamil və Kamil iştirak ediblər. Şamilin yarım qalan arzusunun gerçəkləşməsini həyata keçiriənlərən biri isə onun qardaşı Kamil olub. Şəhid anası Sədaqət Əliyeva isə döyüşlər ərəfəsində tibb bacısı olaraq yüzlərlə döyüşçünün həyatını xilas edib.
Şamil ata-baba yurdu Böyük Bəhmənlidə dəfn edilib. O, döyüşlərdə göstərdiyi şücaətə görə "Vətən uğrunda, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.