Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2021 12:26
Ali təhsil müəssisələri yeni tədris ilinə yeni qaydalar ilə başlayır. Səmimi desək Nazirlər Kabineti tələbələrin ürəyincə olacaq qərarlar verib. Artıq yataqxanalar tələbələrin ixtiyarındadır. Bundan başqa, tələbələr kitabxanalardan da faydalana biləcəklər. Bir sözlə, ali məktəblərdə ənənəvi tədris bərpa olunur, amma müəyyən məqamlar ola bilər ki, tələbələr distant təhsilə də cəlb olunsun.
Pandemiya şəraitinin davam etməsinə baxmayaraq, bu tədris ilində tələbələr universitet yataqxanalarından yararlana biləcəklər. Kitabxana, idman və akt zalları, o cümlədən, hovuzlardan da istifadə etmək mümkün olacaq. Ali Təhsil Müəssisələri yeni tədris ilinə Nazirlər Kabinetinin yeni qərarları ilə başlayır.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Təhsil Nazirliyinin Elm, Ali və Orta İxtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyir ki, bütün qərarlar tələbələrin ürəyincə olacaq. Çünki uzun müddət sonra universitetlərdə ənənəvi tədris yenidən bərpa olunur. Qurum rəsmisinin sözlərinə görə, orta məktəblərdən fərqli olaraq, ali məktəblərdə müəyyən məqamlarda, əsasən də mühazirələr zamanı distant təhsilə də yer verilə bilər. Alternativ seçimi universitet edəcək.
Nazirlik rəsmisinin sözlərinə görə, kitabxanalarda çox sayda tələbənin toplaşmasına icazə verilməyəcək. Otaqların yalnız 70%-i dolu ola bilər. Sanitar-epidemioloji qaydalara, o cümlədən, sosial məsafəyə diqqət yetirilməlidir.
Yaşı 18-dən yuxarı olan bütün tələbələrdən COVID pasportu tələb olunacaq. Tələbənin yaşı 18-dən aşağıdırsa, bu pasport olmaya da bilər. Həm müəllim heyəti, həm də tələbələrin maskadan istifadəsi mütləqdir.