Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paralel idxal üsulla idxal olunan və kontrafakt məhsulların Azərbaycana gətirilməsi ilə bağlı problemli məqamlar (FOTO)

Paralel idxal üsulla idxal olunan və kontrafakt məhsulların Azərbaycana gətirilməsi ilə bağlı problemli məqamlar (FOTO)

Tarix: 20 Avqust 2019 13:33

Bakı. Trend:

Emil Bəşirov EKVITA konsaltinq şirkətinin əqli mülkiyyət hüququ məsələlərinə cavabdeh olan Baş hüquqşünasıdır. O, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasında Hüquq ixtisası üzrə bakalavr və Niderland Krallığında yerləşən “Erasmus University Rotterdam”da Kommersiya və Korporativ Hüquq ixtisası üzrə LL.M. magistr dərəcəsi almışdır. Emil əqli mülkiyyət sahəsində müxtəlif hüquqi məsələlər üzrə çox sayda yerli və beynəlxalq şirkətlərə – milli və beynəlxalq prosedur üzrə əqli mülkiyyət hüquqlarının qeydiyyatı, rəqiblərin qeydiyyatının mübahisələndirilməsi və dayandırılması, habelə əqli mülkiyyət hüquqlarının qeydiyyatı və ya istifadəsi ilə bağlı mübahisələrin həlli kimi məsləhətlər vermişdir. Emil 2018-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və bununla əlaqədar bütün instansiya məhkəmələrində həm yerli, həm də beynəlxalq müştərilərin maraqlarını təmsil etmək hüququna malikdir.

Sirr deyil ki, bu gün biznes sahəsində, xüsusilə də Azərbaycan bazarında xaricdən məhsul satışı ilə bağlı narahatlığın səbəblərindən biri xarici ölkələrdən gətirilən kontrafakt malların, habelə "paralel idxal" adlandırılan üsulla idxal olunan malların böyük həcmdə olmasıdır. Məhsulun sonuncu növünün mahiyyət etibarilə orijinal olması ehtimalına baxmayaraq, onun idxalı ya istehsalçı ilə, ya da xaricdə əmtəə nişanının sahibi ilə razılaşdırılmayıb. Baxmayaraq ki, bu cür məhsullarla analoji orijinal məhsullar arasında etibarlılıq və tətbiq imkanları baxımından prinsipial fərqlər olmaya bilər, bu cür məhsulların bazarda peyda olması həm iş adamları, həm də istehlakçılar üçün çoxlu problemlər yaradır. Xarici istehsalçı və yerli distribütor regionda öz kommersiya fəaliyyətinin uğurlu olacağını proqnozlaşdırmaq imkanını itirir ki, bu da müvafiq investisiyaları təhlükə altına qoyur. "Boz" məhsulların satışına əmtəə nişanının sahibinə müvafiq məbləğdə "royalti"nin ödənilməsi, malların bazarda tanıdılmasına çəkilən xərclər, həmçinin servis şəbəkəsinin saxlanması kimi əlavə xərclər daxil olmadığından, onun dəyəri əksər hallarda "ağ" məhsullardan aşağıdır və bu da çox vaxt Azərbaycan istehlakçısı tərəfindən mal alınarkən həlledici amilə çevrilir.

Onu da qeyd etmək lazımdır ki, çox vaxt Azərbaycan bazarı üçün nəzərdə tutulmayan "boz" məhsulların reallaşması bəzən Azərbaycan dilində müvafiq təlimatları özündə əks etdirməyə bilər, habelə onun üzərində Azərbaycan istehlakçılarının istehsalçıdan şikayətləri ilə necə davranılması barədə məlumat olmaya bilər. Nəzərə alsaq ki, əmtəəyə beynəlxalq zəmanət verən, alış yerindən asılı olmayaraq dünyanın istənilən ölkəsində malı təmir etmək hüququ verən şirkətlərin sayı çox azdır, o zaman istehlakçı satın aldığı malın zəmanət xidməti hüququnu itirə bilər. Bu gün Azərbaycan Respublikasının qanunvericiliyi paralel idxalla mübarizənin mövcud mexanizmini nəzərdə tutmur və bununla əlaqədar "boz" məhsulların böyük həcmi maneəsiz olaraq Azərbaycana daxil olur.

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə tərkibində əqli mülkiyyət obyektləri və kontrafakt məhsulların idxalına qarşı mübarizənin müvafiq mexanizmi də daxil olmaqla, malların müvafiq reyestrinin gömrük orqanı tərəfindən aparılmasını tənzimləyən müddəalar daxildir. Bu mexanizm daşınan məhsulların orijinallığına dair şübhə yarandıqda gömrük orqanının idxal prosedurunu dayandırmaq imkanlarına əsaslanır. Hüquq sahibinin hüquqlarının müdafiə müddəti hüquq sahibinin malların reyestrə salınması barədə ərizəsinə dair Gömrük Komitəsi tərəfindən müsbət qərarın qəbul edildiyi gündən beş ilə qədər müəyyən edilir. Bu müddət sonradan hüquq sahibinin ərizəsi əsasında əlavə beş il müddətinə də uzadıla bilər. Ərizəçi, həmçinin malların qaçaqmal və kontrafakt olduğunu aşkar etməyə imkan verən xüsusi məlumatları gömrük orqanına bildirə, habelə orijinal və kontrafakt məhsulların nümunələrini gömrük orqanına təqdim edə bilər.

Bu yaxınlarda Əqli Mülkiyyət Agentliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələrinin Azərbaycana mal idxalı zamanı əqli mülkiyyət hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq məsələlərinə həsr olunmuş görüşündə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov qeyd etdi ki, bu gün 50-yə yaxın şirkətin malları artıq kontrafakt məhsullarla mübarizə məqsədilə müvafiq reyestrdə qeydiyyata alınmışdır. Görüşdə Gömrük Komitəsi ilə Əqli Mülkiyyət Agentliyi arasında bu sahədə əməkdaşlığın və daimi informasiya mübadiləsinin vacibliyi qeyd olunmuşdur.

Azərbaycana "boz" və kontrafakt məhsulların idxalı problemlərinin aktuallığını nəzərə alaraq, bu problemlər Azərbaycanda Amerika Ticarət Palatasının 2018-ci ildə hazırladığı və ölkədə biznes mühitinin və müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə tövsiyələri əks etdirən "Ağ sənəd"də işıqlandırılmışdır. Bu sənəddə əmtəə nişanı sahibinin müvafiq icazəsi olmadan orijinal məhsulun ölkəyə idxalına qadağanın təsdiq edilməsi və bu qadağadan istisnalar siyahısının müəyyən edilməsi (məsələn, inhisarlar əleyhinə mübarizə, müəyyən malların çatışmazlığı, süni qiymət artımı (qiymət manipulyasiyası) və s.) kimi qüvvədə olan qanunvericiliyə dəyişikliklərin edilməsi üzrə tövsiyələr qeyd edilmişdir.

Aydındır ki, müasir reallıqlara və biznesin tələbatlarına cavab vermək üçün gömrük və əqli mülkiyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi davam etdirilməlidir. Sözsüz ki, paralel idxalla mübarizənin mövcud mexanizminin yaradılması, habelə saxta məhsulların Azərbaycana idxalına nəzarətin gücləndirilməsi vicdanlı biznes mühitinin yaradılmasına, eləcə də Azərbaycan istehlakçılarının maraqlarının müdafiəsinə kömək edəcəkdir.

Bu ilin iyul ayında EKVITA konsaltinq şirkətinin dəstəyi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası və Azərbaycan-İtaliya Ticarət Palatası nümayəndələrinin biznesin inkişaf etdirilməsi məsələlərinə həsr olunmuş görüşü keçirilmişdir. Baş tutan görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov gömrük sahəsində aparılan islahatlar barədə iştirakçılara məlumat vermiş və biznes nümayəndələri ilə gömrük orqanları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulamışdır.

EKVITA konsaltinq şirkəti kontrafakt məhsullarla mübarizə məsələləri və mallarınızın müvafiq gömrük reyestrinə daxil edilməsi prosedurları üzrə sizin şirkətinizə məsləhət verə, həmçinin Dövlət Gömrük Komitəsinə müraciət edərkən şirkətinizin hüquqi müşayiətini həyata keçirə bilər. "EKVITA" hüquqşünasları və vəkilləri həmçinin kontrafakt məhsulların idxalının dayandırılması işləri üzrə məhkəmələrdə sizin maraqlarınızı təmsil edə bilərlər.

EKVITA - hüquq, vergi və idarəetmə üzrə tam konsaltinq xidmətlərini göstərən 40 nəfər peşəkarlar heyətli bir şirkətdir. Şirkətin müştəriləri arasında Dünya miqyasında fəaliyyət göstərən Fortune 500 siyahısına daxil olan bir neçə fəal şirkət mövcuddur. EKVITA şirkəti həmçinin, hökumət layihələrində iştirak etmiş və Dünya Bankı kimi beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq edir.

Şirkətin fərqi - ümumi biznes konsaltinqi ilə özündə hüquqi, maliyyə və vergilər sektorları üzrə kifayət qədər güclü təcrübəni birləşdirən peşəkar xidmətlərin kompleks şəklində göstərilməsidir.

EKVITA-nın bazardakı lider mövqeyi beynəlxalq reytinq təşkilatları və digər müvafiq beynəlxalq standartlar tərəfindən tanınmışdır.

Paralel idxal üsulla idxal olunan və kontrafakt məhsulların Azərbaycana gətirilməsi ilə bağlı problemli məqamlar (FOTO) Paralel idxal üsulla idxal olunan və kontrafakt məhsulların Azərbaycana gətirilməsi ilə bağlı problemli məqamlar (FOTO) Paralel idxal üsulla idxal olunan və kontrafakt məhsulların Azərbaycana gətirilməsi ilə bağlı problemli məqamlar (FOTO) Paralel idxal üsulla idxal olunan və kontrafakt məhsulların Azərbaycana gətirilməsi ilə bağlı problemli məqamlar (FOTO) Paralel idxal üsulla idxal olunan və kontrafakt məhsulların Azərbaycana gətirilməsi ilə bağlı problemli məqamlar (FOTO) Paralel idxal üsulla idxal olunan və kontrafakt məhsulların Azərbaycana gətirilməsi ilə bağlı problemli məqamlar (FOTO)


Etiketlər:  Paralel idxal üsulla idxal olunan kontrafakt məhsulların Azərbaycana gətirilməsi ilə bağlı problemli məqamlar FOTO

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




RƏYLƏR


Populyar Xəbərlər

XƏBƏR LENTİ