Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın işğalçılıq siyasətinə göz yumanlar - Kimdir müqəssir?

Ermənistanın işğalçılıq siyasətinə göz yumanlar - Kimdir müqəssir?

Tarix: 24 Sentyabr 2021 14:04

"Sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Prezident İlham Əliyev videoformatda çıxışı zamanı mövcud reallıqlar kontekstində yenə də bir sıra mühüm məsələlərə diqqət çəkdi. Ölkə başçımız bütün beynəlxalq aləmi bir daha məlumatlandırdı ki, münaqişənin son iki ili ərzində Ermənistan məqsədli şəkildə danışıqlar prosesini məhv edirdi".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Azərbaycan tarixi ədaləti bərpa etsə də, Ermənistan reallıqla barışmır:

"2018-ci ildə hakimiyyətə gələn yeni hökumətdən müsbət addımlar gözləsək də, onlar sələflərindən heç də fərqlənmədilər, hətta bir az da irəli gedərək "Qarabağ Ermənistandır və nöqtə" və "bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq" kimi bir sıra təxribatçı bəyanat və hərəkətlərə yol verməklə, işğal olunmuş Azərbaycan torpaqlarında istehkamlar qurmaqla əslində daha da azğınlaşdıqlarını göstərirdilər.  Bütün bu reallıqları aydın görən dövlət başçımız ötən il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsindəki çıxışı zamanı bütün dünyaya bir daha bəyan etmişdi ki, Ermənistan rəhbərliyinin düşmən, Azərbaycanofob bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirir. Ölkə başçımızın siyasi uzaqgörənliyi hər zaman olduğu kimi özünü doğrultdu və təəssüflər olsun ki, bu çıxışdan üç gün sonra Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma start verdi. Təbii ki, Azərbaycan da bu təxribatlara cavab olaraq BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı. 

Azərbaycanın tarixi ədaləti bərpa etməsinə baxmayaraq, təəssüflər olsun ki, Ermənistan reallıqla barışmır, hələ də səhvlərindən nəticə çıxarmır. Bu gün hələ də Ermənistan Azərbaycana qarşı nifrət siyasəti yürüdür. Haqlı və güclü olan Azərbaycan yenidən öz suverenliyinə, ərazi bütövlüyünə və xalqın təhlükəsizliyinə hər hansı bir təhdid görsə, legitim özünümüdafiə hüququndan heç bir tərəddüd etmədən istifadə edəcək. Azərbaycan xalqının öz dövlət başçısının ətrafında bir yumruq kimi birləşməsi, Vətən və torpaq sevgisi buna əsas verir. Ermənistan terroru dövlət səviyyəsinə qaldıran bir dövlətdir. Ermənistan o dövlətdir ki, dövlətin ali qanunu, yəni konstitusiyası qonşu xalqa qarşı ərazi və yalançı soyqırım iddiaları ilə doludur. Müstəqil siyasət yürütmək iqtidarında olmadığı üçün qətiyyətli mövqeyə də malik deyil. Verdiyi siqnalların biri digərindən tamamilə fərqlənir. Bu isə göstərir ki, öz siyasi iradəsi ilə deyil, diktə ilə hərəkər edir. Bu baxımdan da verdiyi mesajlar da stabil deyil. 

Bu gün daimi inkişafda olan dünya neo-faşizm ilə mübarizə aparır. Gələcəyə baxmaq əvəzinə gündən-günə geriyə addımlayan Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır. Burada isə düşünürəm ki, beynəlxalq aləmin də üzərinə məsuliyyət düşür. Çünki heç bir dövlət terrordan sığortalanmayıb. Ermənistan da terroru dövlət siyasəti səviyyəsinə çatdırıb. Bütün bu faktları nəzərə alaraq müharibəyə görə məsuliyyət yalnız Ermənistanın deyil, onun işğalçılıq, talançılıq siyasətinə göz yumanların da üzərinə düşür. Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır. Beynəlxalq birlik Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımızın itkin düşməsi məsələsinə, onların işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılmasına səslərini çıxartmalıdırlar, olduqca ciddi yanaşmalıdır.

Azərbaycana bərpa-quruculuq işlərində də heç kim dəstək olmur, dövlətimiz bütün bu işləri öz maddi imkanları hesabına görür. Bu çətinliyə bir başqa çətinlik də əlavə olunur ki, bu da Ermənistanın ərazilərimizdə basdırdığı çoxsaylı minalardır. Bu da azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 faizdir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini Azərbaycana təqdim etsin. Yəni burada sadəcə Ermənistanın deyil, hələ də ona qarşı müxtəlif təzyiq vasitələrini işə salmayanların da üzərinə məsuliyyət və ciddi iş düşür". 

Təhmız Əsədov


Etiketlər:  Ermənistanın işğalçılıq siyasətinə göz yumanlar Kimdir müqəssir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ