Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı - Gömrük nəzarəti tətbiq edilməyəcək (FOTO)

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı -  Gömrük nəzarəti tətbiq edilməyəcək (FOTO)

Tarix: 20 Avqust 2019 16:30

Bakı. Elçin Mehdiyev - Trend:

Artıq gömrük-keçid məntəqələrində Azərbaycan Respublikasının paytaxtı Bakı
şəhərindən İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar
Respublikasına və əks istiqamətdə səyahət edən sərnişinlərin əl yükləri və baqajlarına
gömrük nəzarəti tətbiq edilməyəcək.

Dövlət Gömrük Komitəsindən Trend-ə bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi, sərhədkeçmə prosesinin sürətləndirilməsi və
avtobusların mənzil başına daha tez çatmasını təmin etmək məqsədilə gömrük
nəzarətiDövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən, avqustun 19-dan
etibarən Bakı Beynəlxalq Avtovağzalında yaradılan gömrük nəzarəti zonasında həyata keçiriləcək.

Bu məqsədlə, Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən pilot layihə
çərçivəsində, Bakı Beynəlxalq Avtovağzalında gömrük nəzarətinin tətbiqi üçün zəruri
avadanlıqlar quraşdırılıb və layihənin icrasına ixtisaslı gömrük əməkdaşları cəlb
edilib.

Əvvəllər sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında ümumilikdə 4
dəfə gömrük nəzarətindən keçir və sərnişinlərin əl yükləri dəfələrlə yoxlanılırdı. Bu
da vaxt itkisi ilə yanaşı, sərnişinlər üçün diskomfort vəziyyət yaradırdı.
Son bir il ərzində İran İslam Respublikasının gömrük xidmətinin sədri ilə Bakıda və
Naxçıvanda keçirilən ikitərəfli görüşlərdə Dövlət Gömrük Komitəsinin sədri. gömrük
xidməti general-leytenantı Səfər Mehdiyev tərəfindən bu məsələnin həlli
istiqamətində dəfələrlə müvafiq təkliflər irəli sürülüb. Eyni zamanda, Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Dövlət Avtomobil Nəqliyyatı
Xidməti tərəfindən İran İslam Respublikasının müvafiq qurumları qarşısında məsələ
qaldırılıb.

Aparılan danışıqların və görülən tədbirlərin nəticəsi olaraq, 13 iyun 2019-cu ildə
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq avtomobil
əlaqələri sahəsində birgə komissiyanın növbəti iclasında Bakı-Naxçıvan-Bakı marşrut
xətti üzrə hərəkətdə olan avtobuslardakı əl yüklərinin sərhəd-keçid məntəqələrində
yoxlanma prosedurlarına dəyişikliyə dair razılıq əldə olunub.

Yeni qaydalara əsasən, Azərbaycan tərəfində gömrük nəzarətindən keçirilən
avtobuslar və sərnişinlərə aid yüklər xüsusi nömrələr və plomblarla təmin olunduqdan
sonra İran ərazisinə daxil olur. İki ölkənin gömrük orqanları arasında imzalanan
memoranduma əsasən, Azərbaycan qarşı tərəfə avtobusların yük yerlərində qaçaqmal faktı təşkil edən və İran ərazisində dövriyyəsi qadağan edilən malların olmadığına dair təminat verir və avtobuslar İran İslam Respublikasında gömrük yoxlamasından keçirilmir. Bununla da İran ərazisinə daxil olan avtobusun heç bir əlavə yoxlama aparılmadan sürətli şəkildə gömrük postlarından keçidi təmin olunur.

Pilot layihə Naxçıvandan Bakıya gələn avtobusları da əhatə edir. Belə ki, əks
istiqamətdə hərəkət edən avtobuslar və sərnişinlərə dair əl yüklərinin, baqajların
gömrük nəzarətindən keçirilməsi məqsədilə Naxçıvan şəhərindəki Avtovağzal
Kompleksində də gömrük nəzarəti zonası yaradılıb.

Dövlət Gömrük Komitəsi hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə birlikdə bu layihənin Türkiyə, Gürcüstan və Rusiyaya gedən avtobuslara tətbiq edilməsi üzərində iş aparır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı Naxçıvan Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı Gömrük nəzarəti tətbiq edilməyəcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ