Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Südəmər uşağa su vermək lazımdırmı?

Südəmər uşağa su vermək lazımdırmı?

Tarix: 28 Sentyabr 2021 09:00

Analar bilir ki, körpənin menyusuna əlavə qidalar (sıyıqlar, püre və s.) daxil edildikdən sonra su da daxil edilməlidir. Bəs bundan əvvəl? Ana südü və ya süni süd ilə qidalanan uşağa su vermək lazımdırmı?

Uşaqlar əlavə qidalar alana qədər qidanı yalnız maye şəklində alırlar: ya ana südü, ya da onu əvəz edən adaptasiya olunmuş süni qida şəklində. Əksər hallarda bu qidalarda olan mayenin miqdarı uşağın suya olan tələblərini təmin edə bilir və uşaq əlavə olaraq su içmək istəmir. Əsasən bu yalnız ana südü ilə qidalanan uşaqlara aiddir. Süni südlə qidalandırılan körpələrə su vermək lazımdır. Ancaq bəzi hallarda hətta yalnız ana südü ilə qidalanan uşaqda suya tələbat yarana bilər.

Birincisi - əgər uşaq təbii ana südü ilə qidalandırılırsa, ananın südü müəyyən fərdi xüsusiyyətlərə də malik ola bilər, məsələn, nisbətən yağlı və ya şirin ola bilər ki, bunun da nəticəsində uşaqda yanğı hissiyyatı yarana bilər.

İkincisi - havanın temperaturu yüksək olduqda, uşaq tərlədiyi və müəyyən miqdarda su itirdiyi üçün, əlbəttə ki, onda suya olan tələbatı da artmış olacaqdır;

Üçüncüsü - yanğı hissiyyatı, uşağın hərarətinin yüksəlməsi, ishal və ya qəbizliyin olması səbəblərindən də yarana bilər. Ona görə də körpələrə mütləq su içirtmək lazımdır, ancaq onu buna məcbur etmək də olmaz.

Uşaq özünü narahat hiss etdikdə ona əlavə olaraq su da təklif etmək lazımdır (sancılar olduqda uşağa bir qədər su verilərsə, bu, onun qarnındakı ağrıların azalmasına da kömək edir, həmçinin onun narahatlığının səbəbi yanğı hissiyyatı da ola bilər).

Uşağa mayeni aşağıdakı formalarda vermək olar:

- Su. Südəmər uşaqlara içməli su verilməsinin 2 yolu vardır: qaynadılmış adi su və ya plastik qablarda satılan və qaynadılması tələb olunmayan (onların qaynadılması, hətta zərərli hesab olunur) xüsusi uşaq suları. Pediatrlar suya şəkərin əlavə olunmasını məsləhət etmirlər.

- Uşaq çayları. Dərman bitkilərindən (çobanyastığı, şüyüd, razyana, cirə, nanə) hazırlanan xüsusi uşaq çayları. Çaylar nəinki yanğı hissiyyatını aradan götürür, onlar həmçinin müalicəvi-profilaktik təsir də göstərirlər: spazm və sancıları aradan qaldırır, bağırsaq qazlarının və nəcis ifrazının xaric olmasını asanlaşdırır, immuniteti yüksəldir, sinir sistemini sakitləşdirir. Müalicəvi təsirlər uşaq çayının tərkibindən asılıdır. Adi çayı isə uşaqlara 1 yaşından sonra vermək olar (çay tünd olmamalıdır!).

- Kompotlar, meyvə şərbətləri. Onların qəbuluna körpənin 3 aylığından etibarən başlamaq olar: ilkin olaraq ərik qurusundan, gavalı qurusundan, digər meyvə qurularından hazırlanan zəif konsentrasiyalı dəmləmələr şəklində (məsələn, 3-4 qara qavalı qurusu + 100 ml qaynar su, soyudulur və uşağa içizdirilir). 5 aylığından etibarən uşağa adi kompotlar da vermək olar.

- Şirələr. Əlavə qida kimi, şirələri körpənin 5 aylığından tez olmayaraq vermək olar. Əvvəllər şirələri uşağın 1 aylığından etibarən verirdilər. Sonralar isə sübut olundu ki, körpənin fermentativ sisteminin qeyri-yetkinliyi səbəbindən bu uşaq orqanizmi üçün - xüsusən onun mədə-bağırsaq sistemi üçün - çox ziyanlıdır. Şirələr da "qida" hesab olunur ki, onlar fermentativ sistemin aktiv və düzgün işləməsini tələb edir.

Uşağa verilən mayelərin qəbul edilməsində ümumi bir qayda mövcuddur: hər yeni maye tədricən verilməlidir (10-20 ml-dən başlamaqla). Maye uşağa ya qida qəbulundan əvvəl, ya da qida qəbulları arasında olan müddətdə verilməlidir. Verilən maye ilıq olmalıdır. Mayeləri uşağa yedizdirmələr arası vermək lazımdır. Maye yedizdirilmədən əvvəl uşağa verilərsə, o daha az qida qəbul edəcək.


Etiketlər:  Südəmər uşağa vermək lazımdırmı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ