Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BMT COVID-19 əleyhinə Qlobal vaksinasiya Strategiyasını təqdim edib

BMT COVID-19 əleyhinə Qlobal vaksinasiya Strategiyasını təqdim edib

Tarix: 8 Oktyabr 2021 21:40

BMT-nin Baş katibi Antonio Quterreş və ÜST rəhbəri Tedros Qebreyesus bir daha ölkələri "peyvənd millətçiliyindən" imtina etməyə çağırıb, əhalinin COVID-19-a qarşı Qlobal vaksinasiya Strategiyasını təqdim ediblər. Strategiyanın məqsədi, ilin sonuna qədər bütün ölkələrdə insanların 40 faizini, gələn ilin ortalarında isə 70 faizini vaksinasiya ilə əhatə etməkdir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu planın həyata keçirilməsi üçün təcili olaraq 8 milyard ABŞ dolları tələb olunur.

ÜST-nin məlumatına görə, dünyanın 56 ölkəsi sentyabrın sonuna qədər əhalinin 10 faizinin vaksinasiyasını təmin edə bilməyib. Onların əksəriyyəti Afrika və Yaxın Şərq ölkəsidir.

"Buna görə də mən bu gün doktor Tedrosa qoşulmağa və onunla birlikdə COVID-19-a qarşı Qlobal vaksinasiya Strategiyasına start verməyə çox şadam", - deyə BMT-nin Baş katibi vurğulayıb.

Yeni plana uyğun olaraq, vaksin istehsalını ən azı iki dəfə artırmaq və COVAX vasitəsilə ədalətli paylanmasını təmin etmək lazımdır. Vaksinasiya planı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanıb. O, pandemiyanın inkişafının, peyvəndin effektivliyinin, satınalma və çatdırılma xərclərinin elmi təhlilinə, həmçinin tələb və təklifin təhlilinə əsaslanır.

"Elm insanların xilas edilməsi üçün güclü vasitələri təqdim etməklə, mühüm rol oynadı. Alimlər, tarixdəki istənilən digər pandemiyalarla müqayisədə daha sürətli hərəkət edirdilər", - deyə ÜST-nin Baş direktoru Tedros Qebreyesus bildirib. Lakin, onun sözlərinə görə, bu vəsaitlərin "bir neçə ölkənin və şirkətin əlində cəmlənməsi qlobal fəlakətə gətirib çıxardı".

"İndi, peyvənd istehsalının ayda təxminən 1,5 milyard doza olduğu zaman, biz ilin sonuna qədər bütün ölkələrdə insanların 40 faizinin peyvənd olunmasına nail ola bilərik, ancaq bunun üçün biz təxminən 8 milyard dollar səfərbər etməli və vaksinlərin ədalətli paylanmasını təmin etməliyik", - deyə Antonio Quterres qeyd edib. O, G20-nin bütün dünyanı peyvənd etməyinə dair vədini xatırladıb və G20 nümayəndələrinin bu ayın sonunda keçirdikləri görüşdə Qlobal vaksinasiya Planının həyata keçirilməsi yollarını müzakirə edəcəklərinə ümid etdiyini bildirib.

Gələn ilin ortalarına qədər dünya əhalisinin 70 faizinin peyvənd olunması üçün ən azı 11 milyard doza vaksin tələb olunacaq. Sentyabrın sonuna qədər artıq bütün dünyada altı milyarddan bir qədər çox doza tətbiq edilmişdi. Hazırda dünyada peyvənd istehsalı ayda təxminən 1,5 milyard doza təşkil edir. ÜST başçısının bildirdiyi kimi, bu o deməkdir ki, bütün dünyada peyvəndlərin bərabər paylandığı təqdirdə bu dozalar qlobal məqsədlərə çatmaq üçün kifayət edəcək.

Xatırladaq ki, Azərbaycanda əhalinin 53,2 faizinə artıq hər iki dozada koronavirus əleyhinə peyvənd vurulub. Yanvarın 18 -dən etibarən ölkəmizdə 8 milyon 884 min peyvənd tətbiq edilib. Birinci mərhələdə peyvənd edilənlərin sayı - 4 milyon 850 min 515 nəfər, ikinci mərhələdə - 4 milyon 33 min 751 nəfərdir.

Milli.Az


Etiketlər:  BMT COVID 19 əleyhinə Qlobal vaksinasiya Strategiyasını təqdim edib


RƏYLƏR