Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2021 21:32
Slovakiyada 5-11 yaş arası uşaqların koronavirusa qarşı vaksinasiyasına başlanılacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Avropa İttifaqı ölkələri arasında bu yaş kateqoriyasında uşaqların peyvəndlənməsi ilk olaraq Slovakiyada həyata keçiriləcək və əvvəlcə müəyyən risk qrupuna daxil olan uşaqlara üstünlük veriləcək. Səhiyyə Nazirliyinin təmsilçisi Zuzana Eliasova bildirib ki, peyvəndləməyə bu həftə start veriləcək.
Avropa Dərman Agentliyi (EMA) tərəfindən hələlik bu yaş qrupu üçün peyvəndlərin tətbiqinə dair tövsiyə verilməsə də, Slovakiyanın səhiyyə naziri Vladimir Lenqvarski beş yaşdan uşaqların vaksinasiyası üçün istisna icazəni nəzərdə tutan sərəncam imzalayıb. Z. Eliasova bildirib ki, bu yaş qrupuna daxil uşaqların kütləvi vaksinasiyası nəzərdə tutulmur, yalnız risk qrupuna daxil olan uşaqlar valideynlərin yazılı müraciəti əsasında peyvənd olunacaqlar. Nazirliyin sərəncamı yalnız o uşaqlar üçün keçərlidir ki, onlar mövcud xəstəlikləri və ya riskləri nəzərə alaraq COVID-19 xəstəliyinə yoluxma halında həyatı təhlükə və ya sağlamlıq üçün ağır nəticələrlə üzləşə bilərlər.
Azyaşlıların vaksinasiyası ölkə üzrə cəmi üç xəstəxanada həyata keçiriləcək və hər bir müraciət fərdi qaydada yoxlanılacaq, ixtisaslaşmış həkim tərəfindən icazə verildikdən sonra peyvənd vurulacaq. Nazirliyin rəsmisi, həmçinin qeyd edib ki, sentyabr ayında yayılan ilk xəbərlərdə belə bir təəssürat yaranmışdı ki, Slovakiyada 5-12 yaş arası bütün məktəblilər peyvənd olunacaqlar. Bildirilib ki, bu belə deyil, indiyədək bu yaş qrupunda hələ heç bir uşağa peyvənd vurulmayıb və vaksinasiya yalnız qeyd edilən xüsusi hallarda həkim icazəsi əsasında həyata keçiriləcək.