Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2021 21:30
Keçən əsrin ortalarında sintetik disaxarid olan laktuloza təhlükəsiz və effektli işlətmə vasitə kimi istifadə olunmağa başlandı.
Laktuloza nazik bağırsaqda sovrulmur və həzm olunmur (insan orqanizmində bu maddəni həzm etmək üçün lazım olan fermentlər yoxdur). Təbii ki, əgər hər hansı maddə orqanizmdə sovrulmursa, bu maddə orqanizmə mənfi təsir edə bilməz.
Yoğun bağırsaqda laktuloza süd turşulu və bifidobakterilərin çoxalmasını sürətləndirir. Lakto- və bifidobakterilər laktulozanı müxtəlif orqanik turşulara (süd turşusu, sirkə turşusu, qarışda turşusu) çevirir. Bu turşular isə yoğun bağırsaqda suyu saxlayır, nəticədə nəcis kütləsinin həcmi böyüyür, bağırsaqların hərəkətliliyi artır və bu da öz növbəsində işlədici effekt verir.
Laktuloza preparatları şirin dada malikdir, orqanizmə heç bir toksiki təsir etmir, adətən heç bir allergik və s. reaksiyalara səbəb olmur, uzun müddət ərzində qəbul oluna bilər. Məhz bütün bunlara görə laktuloza uşaqlarda, yaşlı insanlarda, hamilə və əmizdirən qadınlarda qəbizliyin müalicəsində istifadə olunur.
Laktuloza preparatları apteklərdə reseptsiz satılır, lakin hər bir konkret halda preparatı və onun dozasını yalnız həkim təyin edə bilər. Xüsusilə bu körpə uşaqlara və hamilə qadınlara aiddir. Körpə uşaqda normadan yüksək dozada verilən laktuloza güclü qarın ağrılarına və ishala səbəb ola bilər. Hamilə qadınlar da bu preparatla ehtiyatlı olmalıdır. Bağırsaqların artmış fəaliyyəti uşaqlığa təsir edir ki, bunun nəticəsində uşaqlıq yığılmağa başlaya bilər. Bu isə öz növbəsində erkən doğuşa və ya uşaqsalmaya səbəb ola bilər. Gecikmiş doğuşlar zamanı isə bu əksinə xeyirlidir - laktulozanın qəbulu doğuş fəaliyyətin başlanmasına təkan ola bilər.
Nəzərinizə çatdıraq ki, laktuloza dərhal effekt vermir. Laktulozanın effekti qəbuldan 1-2 gün sonra inkişaf edir - məhz bu vaxt ərzində laktuloza yoğun bağırsağa çatır və burada olan bakterilərlə kontakta girir.
Bakterilərin sürətlə inkişafı bağırsaqlarda qazın artmasına səbəb olur ki, bu 2 yaşına kimi olan uşaqlarda qarında ağrıların əmələ gəlməsinə və ya artmasına gətirib çıxardır. Nəticədə isə uşaq çox ağlayır, narahat olur. Valideynlər belə qərara gəlir ki, laktuloza uşağa "uyğun gəlmir" və, təəssüf ki, əksər hallarda bu təhlükəsiz və effektli dərmandan imtina edirlər. Məhz bu səbəbdən həkimlər uşaqların müalicəsində laktulozanı əvvəl az dozada təyin edirlər, daha sonra isə bu dozanı tədricən artırırlar.
Laktuloza preparatları çoxdur - düfalak, laktuloza, laktuvit, laktulaks və s. Bütün bu prepartaların tərkibi eynidir - laktuloza siropu.
Laktuloza adətən hər gün, gündə 1 dəfə olmaqla (eyni vaxtda) qəbul olunur. Laktulozanı səhər yeməyindən əvvəl, sonra və ya səhər yeməyi zamanı qəbul etmək olar. Körpə uşaqlara laktulozanı səhər yeməyindən əvvəl vermək daha yaxşıdır.
Laktulozanın dozaları:
- 1 yaşına kimi uşaqlara üçün - 5 ml
- 1-7 yaşlar arası - 5-10 ml
- 7-14 yaşlar arası - 10-15 ml
- böyüklər - 15-30 ml
Körpə uşaqlara əvvəl 1 ml laktuloza vermək olar, bunun üçün preparatı steril şprisə yığmaq və körpənin ağzına damızdırmaq lazımdır (yanağın daxili səthinin arxasına). Hər 2 gündən bir laktulozanı 1 ml artırırıq. Lazım olan effekt alındıqda, dozanı saxlayırıq. Effekt alınmadıqda, dozanı yenə də artırırıq (bu yaşa uyğun olan maksimal dozaya kimi). Əgər hətta maksimal doza effekt verməzsə, həkimə müraciət edin. Laktulozanı uzun müddət ərzində - bir neçə ay - vermək olar. Həkimin məsləhəti ilə laktulozanın qəbulunu dayandırdıqda bunu tədricən etmək lazımdır.
Böyüklərdə də laktuloza qəbizliklə mübarizədə çox yaxşı effekt verir. Böyüklərdə bu preparat əvvəl maksimal dozalarda qəbul olunur, daha sonra isə doza azldılır (həkimin məsləhəti ilə).
Böyüklərdə laktuloza həmçinin ağır qara ciyər xəstəlikləri zamanı istifadə olunur.