Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həkim-infeksionist: Buster doza ilə peyvəndləmə...

Həkim-infeksionist: Buster doza ilə peyvəndləmə...

Tarix: 29 Oktyabr 2021 23:36

Son günlər dünyada, eləcə də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında artım müşahidə edilir. COVID-19 virusunun "delta" ştamı ilə müqayisədə belə, daha yoluxdurucu olan AY.4.2 növü bir sıra dünya ölkələrində, habelə qonşu Rusiyada geniş yayılıb. Mütəxəssislər COVID-19-un yoluxduruculuq və letallıq faizinin daha yüksək olduğu yeni mutasiyaların yaranma ehtimalını nəzərə alaraq vətəndaşların buster (qüvvətləndirici) doza ilə peyvəndlənməsini tövsiyə edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mövzu ilə bağlı danışan həkim-infeksionist Vüqar Cavadzadə deyib ki, koronavirusun mutasiyası onun həyat qabiliyyətidir.

Həkim-infeksionistin dediyinə görə, AY.4.2 növünün diaqnostika, müalicə və profilaktikası COVID-19-un digər ştamlarından fərqlənmir: "AY.4.2-nin əlamətləri COVID-19-un digər ştamlarında olduğu kimidir. Yəni, virusla yoluxmuş xəstənin əlamətlərindən onun hansı ştamla yoluxduğunu müəyyən etmək mümkün deyil. Bunu yalnız PZR testləri vasitəsilə aydınlaşdırmaq mümkündür. Bundan sonra da yüzlərlə ştamlar yayılacaq, hər bir virus mutasiyaya məruz qalıq. Lakin nəzərə almaq lazımdır ki, viruslar mutasiyaya uğradıqca onların xəstəlik törətmə qabiliyyəti zəifləyir. İstisna hallarda isə yoluxduruculuq və öldürücülük xüsusiyyəti yüksək olan ştamın yaranması da mümkündür. İstənilən halda, vətəndaşların təşvişə düşməsinə lüzum yoxdur. Sadəcə olaraq, vaksinasiyada aktiv iştirak edərək kütləvi immunitetin formalaşdırılmasına töhfə vermək lazımdır".

V.Cavadzadə, həmçinin qeyd edib ki, yoluxmanın kəskin artması buster doza ilə peyvəndləmənin zəruriliyini isbat edir: "Buster doza koronavirus əleyhinə vaksinasiyanın üçüncü mərhələsidir. Bu, qüvvətləndirici doza hesab edilir və qanda anticisimlərin yüksək səviyyədə qalmasını təmin edir. Nəzərə almaq lazımdır ki, vaksinasiyanın 2 mərhələsində də iştirak etmiş vətəndaşların qanında COVID-19 əleyhinə yaranan anticisimlərin miqdarı 6 aydan sonra azalmağa başlayır. Buster doza ilə peyvəndləmə isə anticisim sintezini sürətləndirir. Bir sözlə, buster doza vurduranların infeksiya ilə yoluxma ehtimalı daha aşağıdır. Xüsusilə də xəstələnən zaman xəstəni kəskin ağırlaşmalardan qoruyur. Bundan başqa isə, təkcə vaksinasiya ilə arxayınlaşmaq olmaz. Vətəndaşlar gigiyenik qaydalara əməl etməli, xüsusilə kütləvi toplaşmalarda tibbi maska taxmalı və sosial məsafəni qorumalıdırlar".

Qeyd edək ki, son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma artsa da, bir çox ölkələrlə müqayisədə vəziyyət nəzarətdə saxlanılır. Düzgün karantin tədbirləri və vaksinasiya prosesi sayəsində hazırda Azərbaycan dünyada hər milyon nəfərə düşən yoluxma səviyyəsinə görə 99-cu yerdədir. Müqayisə üçün qeyd edək ki, Gürcüstan bu siyahıda 5-ci, Ermənistan isə 45-cidir.

Xatırladaq ki, Azərbaycan dövləti vaxtında çevik və zəruri qabaqlayıcı addımlar ataraq postsovet ölkələri arasında vaksinasiyaya başlayan ilk ölkələrdən biri olub. Azərbaycanda COVID-19 əleyhinə bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 518 min 912, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 154 min 936, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 363 min 976 nəfər təşkil edir.

Milli.Az


Etiketlər:  Həkim infeksionist Buster doza ilə peyvəndləmə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ