Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda yuxulu sürücü ağır yol qəzası törətdi, ölənlər var

Bakıda yuxulu sürücü ağır yol qəzası törətdi, ölənlər var

Tarix: 4 Noyabr 2021 09:52

"Son vaxtlar ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələri üzrə aparılan araşdırmalar göstərir ki, bir çox qəzalara sürücülərin sükan arxasında yuxulaması səbəb olur. Təəssüf ki, sükan arxasına keçən şəxslər bu kimi məqamlara diqqətsizlik etməklə yalnız özlərinin deyil, digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atırlar".

Bu barədə Sonxeber.net-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib.

O qeyd edib ki, 02.11.2021-ci il tarixdə Qaradağ rayonunda 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən növbəti bu cür ağır yol-nəqliyyat hadisəsi baş verib: "Belə ki, saat 04:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən 59,8-ci km-də 1980-ci il təvəllüdlü Abıyev Seymur Abı oğlu idarə etdiyi "Ford Transit" markalı, 90-ZX-246 dövlət qeydiyyat nişanlı yük-sərnişin avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə qarşıda hərəkətdə olan 1981-ci il təvəllüdlü Güləliyev Mehman Telman oğlunun idarə etdiyi "Howo" markalı, 99-RJ-244 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə toxunaraq onunla toqquşub.

Qəza nəticəsində "Ford" markalı nəqliyyat vasitəsində olan sərnişinlər - 1963-cü il təvəllüdlü İsmayılova İradə Balaxan qızı, 1975-ci il təvəllüdlü Aşurova Əhliqə Ağasəf qızı ölüb, 1960-cı il təvəllüdlü Məhərrəmova Sulduzə Həsən qızı xəsarət alaraq xəstəxanaya daxil olub. İlkin məlumata görə, hadisənin baş verməsinə "Ford" markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.

Baş Dövlət Yol Polisi İdarəsi belə ağır nəticəli yol-nəqliyyat hadisələrinin yaşanmaması üçün bir daha sürücülərdən iş və istirahət rejiminə düzgün əməl etməyi, yorğun, yuxulu, əzgin halda, dərman preparatlarının təsiri altında sükan arxasına əyləşməməyi xahiş edir. Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa, avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz".


Etiketlər:  Bakıda yuxulu sürücü ağır qəzası törətdi ölənlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ