Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2021 17:15
Sonxeber.net Kulis.az-a istinadən mərhum aktyor Tələt Rəhmanov haqqında maraqlı faktları təqdim edir.
Tələt Əliağa oğlu Rəhmanov 12 dekabr 1931-ci ildə İçərişəhərdə dünyaya gəlib. Ailədə üç övlad olublar, iki oğlan, bir qız. Atası uşaq yaşlarında repressiya qurbanı olub. Ona anası baxıb. Nəsillərində incəsənət aləminə bir tək o maraq göstərib.
***
Gənc yaşlarından kinostudiyada çalışıb, 70-dən çox filmdə müxtəlif rollar canlandırıb. Bunların bir çoxu epizodik rollar olub. Zamanla film direktoru, rejissor assistenti kimi vəzifələrdə də işləyib.
Tələt Rəhmanov gəclik illərində
Tələt Rəhmanov fəxri ad almasa da, onun oynadığı rollar tamaşaçıların yaddaşında silinməz iz qoyub... "Qaynana"da Əli, "Sehirli xalat"da "milisoner", "Arşın mal alan"da nökər Vəli, "Uzaq sahillərdə"də xidmətçi, "Kişi sözü"ndə kolxoz sədri Bayandur...
***
Tələt Neft Akademiyasına qəbul olunsa da, dərsə gedəndə ona sən "xalq düşməni"nin oğlusan, daha gəlmə deyirlər. Çarəsiz qalan Tələt Rəhmanov Teatr Texnikumuna daxil olur. Lakin, sonra tale elə gətirir ki, ona və Rəhmanovlara qarşı bu repressiyanı təşkil edən şəxslərdən biri onlarla bir evdə qalır, kinostudiyada da Tələt Rəhmanovla bir yerdə işləyir, lakin aktyor o şəxsə qarşı heç bir sərt reaksiya bildirmir.
"Sehrli xalat" filmindən kadr
Çox mehriban, ünsiyyətcil insan olub. Həyat yoldaşı Minə xanıma çox dəyər verib, Minə xanım da ona sanki övladı kimi, xüsusi qayğıkeşliklə yanaşırmış. Hətta deyilənlərə görə çəkiliş meydançasında aktyorun yeməyini Minə xanım özü gətirirmiş.
***
Çox cəsarətli insan olub. SSRİ daxili işlər nazirinin kabinetində o qədər rahat danışırmış ki, hamı təəccüb edirmiş. Hamının deyə bilmədiyi sözləri, həqiqətləri zarafatla, ya da ciddi şəkildə rahatlıqla deyə bilib.
***
Tələt Rəhmanovun Gülnarə adlı bir qız övladı olub. Gülnarə Rəhmanova 2014-cü ilin iyununda beyin qan sızmasından dünyasını dəyişib. Gülnarə xanımın qızı - Tələt müəllimin nəvəsi Kəmalə və onun iki qardaşı həyatdadır.
Aktyorun iştirak etdiyi "Qaynana" filmindən kadr
Kəmalə xanım müsahibələrinin birində deyir: Babam evə gələndə hər şey yerində olmalı idi. Səliqəni çox sevirdi. İşdən evə gələndə mütləq çayı, yeməyi hazır olmalı idi. Təzə dəmlənmiş çayı çox sevirdi. Bəlkə gündə 10 dəfə mənə çay dəmlətdirirdi. Yeməklə arası yaxşı idi. Ən çox düşbərə, qutabı sevirdi. Tələt Rəhmanovun üç nəvəsi vardı - mən və iki qardaşım. 13-14 yaşlarım olanda bəzən geyimimə görə məndən narazılıq edirdi. Lakin heç vaxt narazılığını mənə bildirməyib. Deyirdi ki, hansı sahəyə gedirsən get, incəsənətdən başqa. Hətta belə bir əhvalat olmuşdu. "Tənha narın nağılı" filmində oynamaq üçün anam filmin çəkilişi üçün məşqlərə qoşulmuşdu. Babam da işə gələndə anamın şəkillərini görüb. Deyiblər ki, Gülnarəni filmə çəkəcəyik. Babam da "mənim icazəm yoxdur" deyib, həmin şəkilləri cırmışdı. Anam da məcburiyyətdən sonralar incəsənətdən uzaq durdu, müəllimlik ixtisasını oxudu".
***
İştirak etdiyi toy və ya şənliklərdən solfetin arasına kabab ya şirniyyat qoyub evdəkilərə gətirib ki, sizsiz mənim də boğazımdan keçməz.
Əməkdar artist Tələt Rəhmanov
Ondan gec bu sahəyə gələnlər ad almışdılar, o da təbii olaraq istəyirdi ki, gördüyü işlərin qarşılığı olaraq fəxri ad alsın. Lakin heç vaxt bunu dilə gətirməyib. Narazılığını həmişə qəlbində saxlayıb.
***
Ölümündən bir müddət əvvəl infarkt keçirir. Öləndə həyat yoldaşı elə bilib ki, zarafat edir. Həmin gün çəkilişdən gəlib. Dəniz kənarında olan çəkilişdən ağız dolu danışır. Danışdığı yerdə qəfil səsi xırıldamağa başlayır. Həyat yoldaşı deyir ki, "ay Tələt, bəsdi də aktyorluq elədin". Sonra görüblər ki, o, özündən gedir. Həkimlər gələnədək isə artıq gec olur. Tələt Rəhmanov 1993-cü il noyabrın 13-də dünyasını dəyişir.
***
Tələt Rəhmanov vəfat edəndən sonra həyat yoldaşı xəstəliyə tutulur. Demək olar hər gün ağlayır. Hər həftə onun məzarını ziyarət edir. Aktyorun vəfatından 4 il sonra Minə xanım da dünyasını dəyişir.