Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şok iddia: “Ermənistan və İranda hazırlıq gedir...” - Müsahibə

Şok iddia: “Ermənistan və İranda hazırlıq gedir...” - Müsahibə

Tarix: 12 Noyabr 2021 11:09

Vəziyyəti təkcə Ermənistan yox, Rusiya ilə yanaşı, İran da gərginləşdirmək istəyir. Çünki Ermənistanla hərbi-texniki əməkdaşlıq haqda sazişin imzalanmasına hazırlıq gedir. Vəziyyəti Fransa da gərginləşdirmək istəyir. Fransa senatının rəhbəri Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanla görüşdə "44 günlük müharibədən sonra Qarabağdakı erməni mədəni irsinin qorunması" kimi absurd bir mövzu ilə bağlı müzakirələr aparır. Yəni vəziyyəti gərginləşdirmək istəyən həm kollektiv Qərb, həm Rusiya, həm də İrandır. Çünki İran və Rusiyanın 44 günlük müharibədən sonra Cənubi Qafqazda əldə etdikləri itirdiklərindən qat-qat azdır".

Jurnalist Elçin Alıoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- 10 noyabr bəyanatının imzalanmasının ildönümü ilə əlaqədar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü gözlənilirdi. Ehtimal olunan görüşdə yeni sənədin imzalanacağı deyilirdi, Kreml də bu barədə açıqlama vermişdi. Amma bu, sonra təkzib olundu. Sizcə, bu görüş niyə baş tutmadı?

- Dövlət və hökumət başçıları arasında keçirilən görüş sıradan bir hadisə deyil. Belə görüşlərdən əvvəl müvafiq dövlət strukturları, konkret halda xarici işlər nazirlikləri görüşdə imzalanacaq və ya müzakirə ediləcək sənədlər paketini hazırlayırlar. Azərbaycan tərəfində bu sənədlər hazırdır və bunlar bəllidir. Bura Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası, habelə Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdəki qanunsuz yerləşən, hələ də orada qalan Ermənistan Müdafiə Nazirliyinin hərbi qüvvələrinin çıxarılması və s. məsələlər daxildir. Əfsuslar olsun ki, Ermənistan tərəfi heç bir halda görüşə hazır deyil. Əksinə, Ermənistan üçtərəfli bəyanatın şərtlərini kobud şəkildə pozmağa davam edir. Üçtərəfli bəyanatın müddəalarını və priambolasını nəzərə almaq istəmədiyini bildirir, digər əlavə şərtlər irəli sürür, paradoksal davranış nümayiş etdirir. Belə bir vəziyyətdə keçirilən görüş sadəcə görüş xatirinə görüş olardı. Buna görə də, bu görüşün keçirilməməsi yetərincə məntiqli təsir bağışlayır.

- Rusiya indiki halda daha çox hansı məsələlərin həllini istəyir? Məsələn, sərhədlər dəqiqləşdirilmədən və sülh müqaviləsi imzalanmadan Zəngəzur dəhlizi açıla bilərmi?

- Zəngəzur dəhlizinin açılması üçtərəfli bəyanatda göstərilib. Bu, sərhədlərin müəyyənləşdirilməsindən asılı məsələ deyil. Ermənistan cidd-cəhdlə bunu sərhədlərin müyyənləşdirilməsi və bundan sonra yekun sülh müqaviləsinin imzalanmasına bağlayır. Amma məsələ belə deyil. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında olan nəqliyyat qovşağının açılmasından yox, bərpasından söhbət gedir. Bu yol sovet dönəmində də olub. İndi əsas məsələ bu yolların fəaliyyətinin bərpası ilə bağlıdır. Ermənistan bunun müqabilində Azərbaycan üzərindən Rusiya və İrana çıxış əldə etmək istəyir. Amma məsələ belə də deyil. Çünki sovet dönəmində Ermənistanın Azərbaycan üzərindən İran və Rusiyaya çıxışı olmayıb. Bunun olması üçün yekun sülh müqaviləsi imzalanmalıdır və sovet dövründən qalmış topoqrafik xəritələr əsasında dövlət sərhədləri müəyyənləşməlidir. Daha doğrusu, proses sovet ordusunun Baş Qərargahının xəritələri əsasında həyata keçirilməlidir. Azərbaycan da bunu tələb edir.

Ermənistan isə bildirir ki, əvvəlcə müqavilə imzalanmalıdır, daha sonra delimitasiya və ardınca demarkasiya olmalıdır, nəhayət Zəngəzur dəhlizinin açılmasından söhbət gedə bilər. Bu,manipulyasiyadır və primitiv bir manipulyasiyadır. Ermənistan anlamır ki, vəziyyəti nə qədər gərginləşdirirsə, bu onun ziyanına işləyir.

Rusiyaya gəldikdə, onun məqsədi ilk gündən bəllidir. Rusiya həm Azərbaycan, həm Ermənistana təsir və təzyiq etməklə, vədlər verməklə hər iki ölkəyə təsir rıçaqlarını daha da gücləndirmək və tərəflərə bu təsir üçün əlavə manipulyativ imkanlar əldə etməkdir. Digər yandan da, Rusiya Qarabağdakı sülhməramlı kontingentindən qalıcı qüvvə kimi istifadə etməklə bundan yararlanmaq niyyətindədir. Rusiya məhz buna görə həmin ərazilərdə kilsə tikir, 10 rus mədəniyyət xadiminə büst qoyur, sülhməramlıların priambolasında nəzərdə tutulmamış digər işlərlə məşğul olur, Ermənistan müdafiə naziri asan şəkildə Xankəndinə gəlir və orada istədiyi kimi davranıb çıxır. Ən nəhayət, məhz buna görə Rusiyanın himayəsi və laqeydsizliyinin nəticəsində hələ də həmin ərazilərdə fəaliyyət göstərən separatçıların başçısı Araik Arutyunyan oradakı ermənilərin hər birinin silah almasına imkan yaradacaq "qanun"un imzalanacağını bildirir. Qarabağdakı mülki ermənilərə silahların paylanılmasından söhbət gedir. Bu, bölgədə diversant və terrorçuların sayının dəfələrlə artması və vəziyyətin daha da gərginləşməsi deməkdir.

- Gərginlik hansı həddə qədər inkişaf edə bilər?

- Vəziyyətin gərginləşməsinin bir həddi yoxdur. Proseslər istənilən məcrada inkişaf edə bilər. Azərbaycan hələ ki, səbirli və soyuqqanlı davranır. Azərbaycan hələ də Ermənistanın qeyri-adekvat və impulsiv rəhbərliyinin məntiqli davranacağını gözləyir. Buna görə də, Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatı sıradan deyildi. Bu bəyanat faktiki olaraq, ultimatum idi. Ermənistan tərəfinin nəzərinə çatdırıldı ki, belə davranışlar davam edərsə, artıq biz bundan sonra beynəlxalq hüququn normaları əsasında davranaraq, adekvat cavab verəcəyik.

Vəziyyəti təkcə Ermənistan yox, Rusiya ilə yanaşı, İran da gərginləşdirmək istəyir. Çünki Ermənistanla hərbi-texniki əməkdaşlıq haqda sazişin imzalanmasına hazırlıq gedir. Vəziyyəti Fransa da gərginləşdirmək istəyir. Fransa senatının rəhbəri Ermənistan Xarici işlər naziri Ararat Mirzoyanla görüşdə "44 günlük müharibədən sonra Qarabağdakı erməni mədəni irsinin qorunması" kimi absurd bir mövzu ilə bağlı müzakirələr aparır. Yəni vəziyyəti gərginləşdirmək istəyən həm kollektiv Qərb, həm Rusiya, həm də İrandır. Çünki İran və Rusiyanın 44 günlük müharibədən sonra Cənubi Qafqazda əldə etdikləri itirdiklərindən qat-qat azdır.

Eyni zamanda, Moskva başa düşür ki, 44 günlük müharibədən sonra bölgədə qalıcı sülhün bərpası və bərqərar olmasında iki aparıcı qüvvə vars. Onlardan biri Rusiyadırsa, ikincisi Türkiyədir. Türkiyənin burada olması Rusiyanı qıcıqlandırırsa, Rusiyanın da burada olması Qərbi qıcıqlandırır. Buna görə də, tərəflər arasında geosiyasi toqquşmalar və çəkişmələr davam edəcək. Azərbaycanın bu çəkişmələrdəki mövqeyi aydındır: biz ərazilərimizi tam bərpa etmişik, növbəti hədəf isə Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olmalarını nəzərə alaraq, onların cəmiyyətə inteqrasiyasıdır. Ermənilər üçün seçim bəllidir: ya Azərbaycan qanunvericiliyini qəbul edəcək bu ölkənin vətəndaşları kimi davranacaqlar, ya da Laçın dəhlizi vasitəsilə ya Ermənistan, ya da başqa bir ölkəyə gedərək orada öz "müstəqil Qarabağ"larını qura bilərlər. Bunun üçün heç bir problem yoxdur.

- Bəs bölgədə geosiyasi oyunçu olan Türkiyənin baş verən son gəlişmələrə münasibəti necə ola bilər?

- Türkiyənin mövqeyi bəllidir, öz fəaliyyətlərini və işlərini davam etdirir. Sadəcə olaraq, Türkiyə bunları bəyan etmir, açıqlamır. Unutmayaq ki, Türkiyə Cənubi Qafqazda sülhün əsas qarantlarından biridir. Türkiyə bölgədə sabitlik, stabillik və təhlükəsizliyin təmin olunması üçün əlindən gələni edir. Unuduruq ki, Türkiyə NATO ölkəsidir. Türkiyə NATO-nun aparıcı ölkələrindən biridir. Əgər Ağdamdakı monitorinq mərkəzində Türkiyə hərbçiləri varsa, bu, təkcə türk yox, həm də NATO hərbçiləri deməkdir. Əlbəttə bu, Rusiyanı qıcıqlandırır, amma bununla razılaşmağa məcburdur.

Bizim bu situasiyadan yararlanmağa ehtiyacımız yoxdur. Biz sadəcə öz siyasətimiz yürüdürük. Əminəm ki, qarabağlı ermənilərin və Ermənistan rəsmilərinin çılğın bəyanatları yalnız onların zərərinə işləyir. Bu eyforiya və mənim nikbin açıqlamam deyil, bu, tarixi zərurət və onun diktə etdiyi şərtlərdir.

Milli.Az


Etiketlər:  Şok iddia Ermənistan İranda hazırlıq gedir Müsahibə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ