Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2021 20:57
Görmə qabiliyyəti zəifləyən, göz xəstəliklərindən əziyyət çəkənlər tibb və texnologiyanın inkişafı nəticəsində vaxtında və düzgün müalicə olunarsa, korluğun qarşısını almaq mümkündür. Vaxtında edilən müalicə ilə 80 faiz hallarda görmə qabiliyyətini tamamilə itirmənin qarşısı alına bilər. Azərbaycanda görmə məhdudiyyətli və görmə qabiliyyəti zəif olan 50 min nəfərə yaxın əhali var. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünya əhalisinin isə təxminən 1,3 milyardı müxtəlif göz problemlərindən əziyyət çəkir və onlardan 39 milyonu tamamilə görmür. Dünyada göz xəstəliklərindən əziyyət çəkən uşaqların sayı 19 milyon, görmə ilə bağlı problemləri olanların ümumi sayı isə 124 milyondur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, cərrah-oftalmoloq Emil Yusifov göz xəstəlikləri barədə danışıb.
Görmə qabiliyyətinin itirilməsinin səbəblərindən danışan həkim-oftalmoloq deyib: "Alimlər uşaqlarda xroniki korluğun əsas səbəbləri sırasında katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxoma və uşaqlarda A vitamini çatışmazlığını göstərirlər. Yaşlılarda isə korluq şəkərli diabetin nəticələrindən biri ola bilər. Hazırda görmə qabiliyyətinin pisləşməsi ilk növbədə gözlərimizi təhlükəyə atan müxtəlif cihazların, qurğuların inkişafı ilə bağlıdır. Bəzən valideynlər uşaqların kompüterlə və mobil telefonla çox vaxt keçirməsinə göz yumurlar. Bütün bunlar gözə pis təsir göstərir. Uşaq yaşlarından başlayaraq gözləri müxtəlif xəstəliklərdən qorumaq mümkündür. Bunun üçün uşaqların vaxtlarını necə keçirməsinə nəzarət etmək, asudə vaxtlarının səmərəli keçməsi üçün onlara məsləhətlər vermək, telefon və kompüterlə məşğul olmaq üçün ayrıca vaxt ayırmaq lazımdır".
E.Yusifov bildirib ki, gözlə bağlı hər hansı problemlə qarşılaşarkən həkimə mütləq müraciət edilməlidir: "Belə olan halda, gözlə bağlı xəstəliklərin, əsasən isə, görmə qabiliyyətinin zəifləməsinin və ya itirilməsinin qarşısını almaq mümkün olur. Biz həyatın gözəlliklərini gözlərimizlə görür, duyur və hiss edirik. Ona görə də müalicəsi mümkün olan göz xəstəliklərindən qurtulmaq üçün həkimə vaxtında müraciət etmək məsləhətdir. Müntəzəm olaraq oftalmoloq müayinəsindən keçmək və sadə qaydalara riayət etməklə normal görmə qabiliyyətini uzun müddət saxlamaq mümkündür".