Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2019 09:04
ABŞ Kosmik Agentliyi (NASA) və “Hewlett Packard Enterprise” (HPE) şirkəti yeni superkompüterin yaradılması üçün səyləri birləşdirib. Superkompüterin agentliyə məxsus Eyms Tədqiqat Mərkəzində (Ames Research Center) “Artemis” missiyaları çərçivəsində Aya eniş prosesinin modelləşdirilməsi və simulyasiyası üçün istifadə edilməsi nəzərdə tutulur.
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, yeni superkompüter ABŞ astronomu Robert Qrant Aytkenin şərəfinə “Aitken” adlanır. Nəzəri pik məhsuldarlığı 3,69 petaflops təşkil edən “Aitken” qurğusu “HPE SGI 8600” sisteminə - yüksək məhsuldarlıqlı xüsusiləşmiş kompleks platformaya (HPC) əsaslanır. O, optimal enerji səmərəliliyi üçün xüsusi maye soyutma imkanlarına malikdir.
Məlumata görə, ikinci nəsil “Intel Xeon Scalable” prosessorlarından və yüksək sürətli “Mellanox InfiniBand” şəbəkəsindən istifadə edən “Aitken” məlumatların saxlanılması üçün 46 080 nüvə və 221 terabayt yaddaş tutumuna malikdir. PUE elektrik enerjisindən istifadə üzrə səmərəlilik əmsalı 1,03-ə bərabərdir. Qurğunun konstruksiyasına 1150 kəsişmə nöqtəsi daxildir.
Kaliforniya ştatının Mauntin-Vyu şəhərində yerləşən yeni NASA mərkəzi superkompüterin soyudulması üçün körfəz ərazisinin təbii temperaturundan və buxarlanma metodlarından istifadə etməklə soyuducu qurğu və böyük tutumlu suya tələbatı aradan qaldıracaq.
HPE əvvəllər də NASA ilə əməkdaşlıq edib. Belə ki, şirkət 2017-ci ildə agentlik üçün Beynəlxalq Kosmik Stansiyaya göndərilən “Spaceborne Computer” superkompüterini yaradıb.
Nizam Nuriyev