Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk əczaçıları bitki mənşəli dərmanlarla bağlı xəbərdarlıq edib

Türk əczaçıları bitki mənşəli dərmanlarla bağlı xəbərdarlıq edib

Tarix: 4 Dekabr 2021 08:21

Konyada universitet tələbəsinin "Məşhurlar da istifadə edir" düşüncəsi ilə arıqlamaq üçün internet vasitəsilə satın aldığı çay onun qaraciyərinin sıradan çıxmasına və qaraciyər nəqli əməliyyatına məruz qalmasına səbəb olmuşdu. Bundan sonra əczaçılar vətəndaşları bitki mənşəli dərmanlarla bağlı xəbərdar edib.

Habertürk.com saytının məlumatına görə, Türk Əczaçılar Birliyinin mərkəzi heyəti tərəfindən verilən yazılı açıqlamada bitki mənşəli məhsulların reklamlarında məşhur insanların rol almasının cəmiyyətdə həmin məhsulun tam təhlükəsiz olduğuna dair əminlik hissinin yaranmasına səbəb olduğu bildirilir. Vətəndaşların tərkibi məlum olmayan, kim tərəfindən, harda istehsal olunduğu bilinməyən, internet vasitəsilə və mağazalardan asanlıqla satın alına bilən bitki mənşəli məhsullara diqqət etməsi istənilən açıqlamada bunlar ifadə edilib:

"Bitkilər yanlış istifadə edildikdə ölümə də yol aça bilir. Satışa heç bir nəzarət mexanizmindən keçmədən çıxarılan və ardınca da nəzarətdə saxlanılmayan bu məhsulların sənədləşdirilməsinin də təcili surətdə Səhiyyə Nazirliyi tərəfindən aparılması lazımdır. Biz sırf adına bitki deyildiyi üçün bu cür məhsullara Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icazə verilməsinə qarşıyıq. Çünki bu cür bitki mənşəli məhsullar Konya nümunəsindən də məlum olduğu kimi, heç bir sınaqdan keçirilmədən reklamı aparılır və satışa çıxarılır. Halbuki istər bitki mənşəli olsun, istər də kimyəvi tərkibli, bunlar nəticədə dərmandır. Əczaçı və həkim nəzarətindən kənar vətəndaşların istifadəsinə verilən hər məhsul təhlükəli bir sağlamlıq minası deməkdir".

Dərmanların reklamının yalnız aldadıcı deyil, eyni zamanda hər bir fərd və ümumilikdə cəmiyyətin sağlamlığını təhdid edən bir ünsür olduğu qeyd edilən açıqlamada reklamda yaradılan virtual reallığın ölümcül nəticələr gətirib çıxara biləcəyi vurğulanıb: "Biz əczaçılar yeni ölüm halları ilə qarşı-qarşıya qalmadan xalqımızı dərmanlarını sadəcə əczaxanalardan almaları, aidiyati şəxsləri isə bu dərmanların digərləri kimi Səhiyyə Nazirliyinin icazəsi və nəzarəti altında əczaxanalardan xalqa çatdırılması ilə bağlı xəbərdar edirik.

Açıqlamada özünü məsuliyyətli hiss edən hər kəsin daha həssas davranması istənilib.

Bütün Əczaçı İşəgötürənlər Həmkarlar İttifaqının (TEİS) sədri Nurten Saydan da verdiyi yazılı açıqlamada həkimin tövsiyəsi olmadan, resept yazılmadan və əczaçı ilə məsləhət edilmədən bitki mənşəli də olsa dərmanlardan istifadə edilməməsinin vacibliyini bildirib.

Məlumatsız şəkildə istifadə olunan dərmanları "zəhər" kimi xarakterizə edən Saydan fikirlərini belə ifadə edib:

"Hər dərman üçün sizə ən yaxın olan əczaçı ilə məsləhət edin, necə istifadə edəcəyinizi, qəbul etdiyiniz digər dərmanlarla qarşılıqlı təsirlərini mütləq öyrənin. Dərmanların bitki mənşəli olması onların təhlükəsiz olduğu demək deyil. Dərman təsadüfən alınacaq və istifadə olunacaq məhsul deyil. Əczaçınızla məsləhət etmədən bitki mənşəli dərman qəbul etmək intihar etməyə bərabər bir haldır. Dünya Səhiyyə Təşkilatının məlumatlarına baxdıqda internetdən satılan dərmanların 50 %-nin saxta olduğu məlum olur. Bu səbəbdən də hər il 1 milyondan artıq insan həyatını itirir".


Etiketlər:  Türk əczaçıları bitki mənşəli dərmanlarla bağlı xəbərdarlıq edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ