Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 10:50
"Bizim çox balaca bir ailəmiz var idi. Atam, anam və mən. Evimiz kiçik bir mədəniyyət ocağı olub. Mən atamın əziz-xələfi idim. Onun təbirincə bu sözü deyirəm. Çünki atam həmişə işdən evə gələndə deyirdi ki, mənim əziz xələfim hanı? Niyə qapıya gəlib məni qarşılamadı? Mən də atam içəri girəndə qucağına atılırdım"
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova bildirib. O daha sonra əlavə edib.
"Mən lap körpə vaxtımdan aktyorların içində böyümüşəm. Atam məni teatra aparırdı, tamaşalara baxardım. Mən ilk tərbiyəmi teatrda sənətkarlardan almışam. Həqiqətən də incəsənət mədəniyyət ocağıdır, onun hər sahəsini mənə atam sevdirib. Atam mənim təhsilimlə çox ciddi məşğul olub. Məni özü məktəbə aparıb özü gətirərdi. Kitaba marağı məndə atam oyatdı. Mənim üçün nə qədər kitablar alardı, deyərdi ki, oxu mənə məzmunu danış. Belə-belə atam məndə dərin bir məhəbbət yaratdı filologiyaya, ədəbiyyatımıza qarşı. 18 il mən öz universitetimdə işlədim. Sonra ailə həyatı qurdum, uşaqlar oldu və mən işimi buraxmalı oldum. Atam dünyasını dəyişəndən sonra onun xatirələrindən bir kitab yazıb, ərsəyə gətirdim. Bir şeyə təəssüf edirəm ki, kaş atam sağlığında bunu görərdi. Kitab yazmağı da mənə yoldaşım təklif etdi. Dedi ki, sənin bu qədər xatirələrin var, kitab yaz mən çap etməyə köməklik edəcəyəm. Yoldaşım atama əsl oğulluq edib. Atam hər zaman deyirdi ki səndən nigaran getmirəm" deyə Sevil Ələsgərova deyib.
Sevil Ələsgərova atasının yaratdığı "Cəbiş müəllim" obrazından da danışıb.
"Elə bil ki, o özünü yaratmışdı Cəbiş müəllimdə. Cəbiş müəllim kimi sadə, hər şeyə inanan, rəhmli bir insan idi. O özünü yaratdığı üçün Cəbiş müəllim obrazı inandırıcı alınmışdı. Düzdü atamdan əvvəl Cəbiş müəllim roluna görə 5-6 aktyor çağırmışdılar, eyni zamanda Rza Təhmasibi də. Həsən Seyidbəyli atama demişdi ki, Süleyman müəllim düzdü biz kino "probaya" çox aktyor çağırmışıq, ancaq Cəbiş müəllimə sən çəkiləcəksən, bu rola səni layiq bilirəm. Demək olar ki, 6-7 aya çəkildi həmin kino. Mən 9-cu yaxud da 8-ci sinifdə oxuyurdum. Oxuduğum məktəbin yanında çəkirdilər, dərsdən qaçardım çəkilişlərə gedib baxardım" deyə müsahibimiz bildirib.
Sevil Ələsgərova atasının yoxluğu ilə hələ də barışmadığını bildirib.
"Bir müddət atam üçün çox nisgilli gəzdim. Elə hara baxırdım atamı görürdüm, çünki vaxtımın çoxunu onunla keçirirdim. Biz bir-birimizə elə bağlanmışdıq ki. Mən gözümü açıb atamı görmüşdüm, atam da həmişə mənim yanımda olub. Ailə həyatı quranda atam qaynatamla danışdı, atam qaynatama dedi ki, mənim bircə qızım var, onu gözümdən uzaqa qoymaq istəmirəm. Olar ki, onlar bizim evdə mənimlə yaşasınlar? Qaynatam başa düşən insan idi, o atamı başa düşdü. Biz həmişə bir evdə, bir yerdə yaşadıq" deyə Sevil Ələsgərova deyib.