Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qırmızı qurd eşənəyi (Lupus xəstəliyi). Səbəblər və simptomlar

Qırmızı qurd eşənəyi (Lupus xəstəliyi). Səbəblər və simptomlar

Tarix: 11 Dekabr 2021 23:15

Bu ağır autoimmun xəstəlik zamanı orqanimin birləşdirici toxuması zədələnir.

Saglamolun.az bildirir ki, xəstəlik əsasən 20-40 yaşlar arası qadınlarda inkişaf edir (10 xəstədən 9-u qadındır). Xəstəlik xronikidir, tam müalicə olunmur. Xəstəliyin kəskinləşməsi zamanı uzunmüddətli terapiya tələb olunur.

Xəstəliyin əmələ gəlmə səbəbləri tibdə hələ ki məlum deyil. Belə hesab olunur ki, bu xəstəliyin inkişafında əsas rol genlərin mutasiyaları oynayır. Digər risk faktorları arasında:

- bəzi viruslar (sitomeqalivirus, Epşteyn-Bar virusu, hepatit C),

- toksiki maddələrlə təmasda olmaq,

- bəzi dərman preparatların qəbulu,

- siqaret çəkmək.

Xəstəliyin ən xarakterik simptomu xəstənin yanaqlarında və burnun üst hissəsində qırmızı səpgilərin olmasıdır. Səpgilər birləşərək "kəpənək" formanı alır. Bəzən səpgilər boyunda, sinədə, əllərdə və pəncələrdə də əmələ gəlir.

Digər autoimmun xəstəliklərdə olduğu kimi qırmızı qurd eşənəyi xəstəliyi zamanı insanın immun sistemi məlum olmayan səbəblərə görə öz sağlam hüceyrələrini məhv etməyə başlayır. Dağılmış birləşdirici toxumanın yerində çapıqlar (fibroz) əmələ gəlir. Birləşdirici toxuma orqanizmin hər yerində mövcuddur və bu səbəbdən birləşdirici toxumanın dağılması müxtəlif ağır pozulmalara səbəb olur. Belə ki, xəstəliyin nəticəsində xəstənin ürəyində, ağ ciyərlərində, beynində, böyrəklərində, oynaqlarında, əzələlərində ciddi pozulmalar yaranır. Müalicə olunmadıqda bu pozulmalar hətta xəstənin həlak olmasına səbəb ola bilər.

Xəstəliyin daha yüngül formalarında yalnız dəri zədələnə bilər.

Xəstəliyin diaqnostikası və müalicəsi revmatoloqlar tərəfindən həyata keçirilir. Xəstə müayinə olunur, bəzi analizlər verir.

Xəstəliyin simptomları:

- yanaqlarda və burun-dodaq zonasında səpgilər

- ağızda ağrısız xoraların olması

- plevrit

- oynaqların iltihabı

- böyrəklərdə ağrılar

- zəiflik, kəskin arıqlama

- baş ağrıları, yaddaşın pozulması, hallüsinasiyalar və s.

Xüsusi qan analizləri xəstəliyin dəqiq diaqnozunun qoyulmasında kömək edir.

Xəstəliyin müalicəsi hormonal preparatların (qlükokortikoidlər) köməyi ilə həyata keçirilir. Xəstə daim terapevtin və revmatoloqun nəzarətində olmalıdır.

Milli.Az


Etiketlər:  Qırmızı qurd eşənəyi Lupus xəstəliyi Səbəblər simptomlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ