Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yenidən namizəd olacaqlar?

Yenidən namizəd olacaqlar?

Tarix: 16 Dekabr 2021 15:54

Bu günlərdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun Milli Məclisdə boş qalan dairələrə seçki keçiriləcəyi ilə bağlı açıqlaması seçkilərin nə vaxt baş tutacağı məsələsini yenidən gündəmə gətirib. MSK sədri açıqlamasında seçkilərin yaxın vaxtlarda baş tutacağını və bunun Azərbaycan üçün taleyüklü məsələ olmasını vurğulayıb.  

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Milli Məclisdə hazırda boş qalan 5 dairə üzrə seçkilərin bu il baş tutacağı daha çox gözlənilirdi. Çünki cari ilin dövlət büdcəsi ilə bağlı layihədə "seçkilərin keçirilməsi və statistika tədbirləri" haqqında bölümdə 19 631 038 manat vəsait nəzərdə tutulmuşdu. Belə bir vəsaitin hansı məqsədə sərf ediləcəyi açıqlanmasa da, bunun boş qalan dairələrlə bağlı olduğu da təxmin edilirdi. Artıq ilin sonuna sayılı günlər qaldığı üçün seçkinin keçiriləcəyi real görünmür.

Bəzi ekspertlər isə pandemiya ilə əlaqədar seçkilərin təxirə salınacağını irəli sürürdülər. Bundan əlavə, boş qalan seçki dairələrinə seçkinin keçirilməsiylə bağlı ölkə başçısı qərar verməlidir. Daha sonra Mərkəzi Seçki Komissiyası təkrar seçkilər keçirməlidir. 

Qeyd edək ki, ötən ilin fevralında baş tutmuş Milli Məclisə növbədənkənar seçkilərdən sonra parlamentdə 4 dairə üzrə yerlər boş qalıb. Belə ki, Mərkəzi Seçki Komissiyası seçkilər nəticəsində baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib.

Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi -  (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi ( lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsidir (lider namizəd Çingiz Qənizadə). Həmçinin Milli Məclisin mərhum deputatı, Fəttah Heydərov ötən ilin avqustunda dünyasını dəyişib və bundan sonra 116 saylı Qəbələ seçki dairəsi də boş qalıb. 

"Qafqazinfo" nəticəsi ləğv edilmiş dairələrin lider namizədləri ilə əlaqə saxlayaraq onların yenidən seçkilərdə iştirak edib-etməyəcəyi ilə maraqlanıb. 

33 saylı Xətai birinci seçki dairəsinin namizədi sabiq deputat Hüseynbala Mirələmov bildirib ki, o, artıq siyasətdən gedib:

"Allah bundan sonra mənə nə qədər ömür versə, ancaq bədii yaradıcılıqla məşğul olacam, başqa heç bir məşğul olmayacam. Siyasətə bir  daha qayıtmaq haqda düşünmürəm".

80 saylı İmişli-Beyləqan seçki dairəsinin namizədi olmuş sabiq deputat Çingiz Qənizadə bildirib ki, o 44 günlük Vətən müharibəsindən sonra ölkə başçısına məktub yazaraq Yeni Azərbaycan Partiyasına üzvlüyünə qəbul olunmaq üçün müraciət edib:

"Müraciətim müsbət dəyərləndirildi.  Mən artıq bir ildir ki Yeni Azərbaycan Partiyasının üzvüyəm. Seçkidə də  belədir ki, gərək partiya namizədləri irəli sürsün. Əgər Yeni Azərbaycan Partiyası mənim namizədliyimi  istənilən dairədən irəli sürəcəksə, seçkidə  iştirak edəcəm. Əgər bu baş verməyəcəksə, yenə də ictimai-siyasi fəaliyyətimlə məşğul olacam. Partiyanın başqa namizədi olsa, namizədlik irəli sürmək məqsədəuyğun deyil".

35 saylı Xətai üçüncü seçki dairəsindən namizəd olmuş "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu isə mediaya açıqlamasında yenidən seçkilərə qatılmaq fikrində olduğunu deyib:

"Seçkilər təyin olunsun, vaxt dəqiqləşsin, zamana görə reaksiyamızı bildirərik. Bəli, seçkilərə qatılmaq fikrim var. Amma Məzahir Pənahov zamanla bağlı dəqiq açıqlama verməyib. Təxminən 2 ildir bunu deyir, mənim Məzahir Pənahova etimadım yoxdur".

Sözügedən dairədən R.  Arifoğluna rəqib olan sabiq deputat İqbal Ağazadə isə saytımıza bildirib ki, o siyasətlə partiya çərçivəsində məşğul olur:

"Bizim siyasətlə məşğul olmağa yetki verən Ümid Partiyasıdır. Təbii ki seçkilərdə də partiyanın qərarı ilə iştirak edirik.  Ümid Partiyasında əhval-ruhiyyə seçkilərdə iştirak etməkdən yanadır. Rəhbərlik belə düşünür. Nizamnaməyə uyğun olaraq Prezident hər hansı dairədə seçkinin keçirilməsi ilə bağlı Fərman verərsə  dərhal  bizim də rəhbər strukturlar bununla bağlı müzakirə keçirəcəklər.  Bizim başqa dairədən iştirak etmək alternativimiz yoxdur. Əgər İqbal Ağazadə olaraq  seçkilərdə iştirak edəcəyiksə, bu 35-ci seçki dairəsi olacaq. Alternativ yoxdur və bu haqda heç düşünmürük". 


Etiketlər:  Yenidən namizəd olacaqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ