Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2021 22:45
Demək olar ki, hər gün əlində yersiz yerə çəkilmiş rentgen şəkilləri ilə gələn valideynləri görəndə ürəyim parçalanır. Etməyin belə! Uşaq öskürdü- rentgen, hərarət qalxdı - rentgen, təngənəfəs oldu - rentgen. Olmaz! Rentgen şüası radiasiyadır. Uşaq orqanizminin hüceyrələri bu cür təsirlərə çox həssasdır. Rentgen şüaları hüceyrələrə sitotoksik və genotoksik təsir edir. Uzun aylar orqanizmdə qalır. İki rentgen çəkimi arasında minimum 6 ay fasilə olmalıdır. Bu gün yersiz çəkilmiş rentgenə görə bir müddət sonra baş verə biləcək travmada sınıq diaqnozu üçün artıq miqdar rentgen şüası almış olacaq.
Sonxeber.net xəbər verir ki, bu barədə tanınmış pediatr Aytən İsmayılzadə danışıb.
Valideynləri diqqətli olmağa çağıran pediatr qeyd edib ki, yersiz rentgen çəkimlərinə görə xəstəxanaya xəstə göndərməkdən həmişə çəkinib.
"Hətta bu yaxınlarda heç pnevmoniyanın p hərfi olmayan bir uşağı xəstəxanaya girən kimi rentgen etmişdilər. Xəstəxana xəstəlik tarixçəsinə yapışdırmaq üçün sübut kimi rentgen çəkir. Bəzi həkimlər isə təcrübəsizlikdən, xəstəyə çox zaman ayırmamaqdan, alacağı faizdən ötrü də rentgenə göndərə bilir. Soruşsan sorğu-sualı yoxdur. Deyəcəklər ki, protokolda belədir. Axı biz həkimdən öncə həm də insanıq. Robot deyilik. Əgər hamilə bir qadın rentgenə necə ehtiyatla göndərilirsə, eyni ehtiyat tədbiri uşaqlar uçun də olmalıdır. Çünki böyüyən, bölünən hüceyrələr həmişə radiasiyaya çox həssas olur. Bu təkcə bizdə belə deyil. Bütün dünyada belədir".
Həkim qeyd edib ki, bronxitə, pnevmoniyaya diaqnoz qoymaq üçün bizə rentgen lazım olmamalıdır.
"Biliyimiz və savadımız buna çatmalıdır. Əgər exinokokk kisti, vərəm, plevrit, qida borusunda, nəfəs borusunda yad cisim, skolioz dərəcəsi və s. şübhəmiz varsa, o zaman rentgenə müraciət edirik. Bu da həmişə olmur.
Artıq hər beş uşaqdan biri rentgen olunur. Bu, dəhşətdir. Valideynlər də "ürəyim rahat olsun deyə rentgen etdirdim" deyir. Anam-bacım, sənin ürəyin rahat olsun deyə uşağın sağlamlığını narahat edə bilmərik. Zatən orda da hər şey yazılır, daha göturub həkimə gəlməyinin mənası nə. Həkimə gəlirsən ki, lazım olarsa rentgen etdirməsin. Əgər bronxiolit, ya da pnevmoniyadan şubhəmiz varsa, zatən geniş spektr antibiotik təyin edəcəyiksə, rentgen nəyə lazım? Davaya gələcək valideynin önünə sübut kimi qoymağa? O zaman olar" , - A.İsmayılzadə yekunda bildirib. (publika.az)