Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Nazımla oynayırdı deyə atamı başqasına qısqanırdım'' - Xalq Artistinin qızı

''Nazımla oynayırdı deyə atamı başqasına qısqanırdım'' - Xalq Artistinin qızı

Tarix: 7 Yanvar 2022 02:35

"Atamdan heç vaxt keçmiş zamanda danışa bilmirəm. Allah ömür etsəydi 76 yaşı tamam olacaqdı. Mən özüm-özümlə danışıram, hər zaman deyirəm ki, ata, sənsizlik mənim dünyamı söndürdü. Heç vaxt təsəvvür edə bilmirdim ki, nə vaxtsa o olmayacaq və mən onsuz qala biləcəyəm. Hər zaman biz doğum günlərində yığışıb, onun bu xoş gününü qeyd edərdik. Heç kimə əziyyət vermək istəmirdi, heç vaxt bizdən hədiyyə gözləmirdi. Deyirdi ki, mənim hədiyyəm sizsiniz! Onun üçün hədiyyə nə ola bilərdi ki? Bizim yaxşı olmağımız, yaxşı gün keçirməyimiz"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Rafael Dadaşovun qızı, tanınmış müğənni Səidə Dadaşova deyib. O daha sonra əlavə edib.

"Hüzuru, sakitliyi sevirdi, söz-söhbətdən qaçan biri idi. Sevdiyi mahnılarımı onun üçün oxuyurdum. Bu kaş hər zaman belə davam edərdi, amma əfsuslar olsun ki, davam etmədi. Dünyamızı söndürüb getdi. Mən də yəqin eqoist biri olmuşam, həmişə istəyirdim ki, yanımda olsun. Təbii ki, o tək mənə məxsus deyildi, amma o özü məni belə şıltaq böyütmüşdü. Nazımla oynayırdı deyə atamı başqasına qısqanırdım. Elə təsəvvür edirdim ki, atam sonsuzdur, gözümü açıb hər zaman onu görəcəyəm yanımda. Çünki nə vaxt gözümü açmışamsa, yaxşı yaxud pis günümdə, problemli anlarımda da yalnız atamı yanımda görmüşəm. Kövrəlirəm, deyirəm ki, ata, o biri dünyan mübarək olsun. Bilirəm ki, atam cənnətin ən gözəl güşəsindədir. Heç vaxt düşünməzdim ki, nə vaxtsa atamı yuxularımda görəcəyəm. Onsuz mənə o qədər çətindir ki. Elə zənn edirəm ki, harasa gedib, mütləq yanıma qayıdacaq" deyə sənətkarın müğənni qızı bildirib.
 
"Övladınıza Rafael adını özü vermişdi yoxsa siz istəmişdiniz?" sualına isə Səidə Dadaşova belə cavab verib.
 
"Mən özüm istəmişdim. Hələ uşaq dünyaya gəlməmişdi, dedim ki, ay papa, bir şeyin halallığını səndən almaq istəyirəm. Dedi ki, hər bir şeyim, bütün dünyam belə sənə halal olsun. Dedim ki, istəyirəm övladım sənin adını daşısın. Gülümsədi... Dedi ki, mənim üçün fəxrdir, alnımdan öpdü. Əlbəttə ki, onun gözlərindəki parıltını, sevinc, qürur hissini mən görürdüm. Çünki nəslimizdə atamdan sonra Rafael Dadaşov həm ad, həm də soyadını heç kim daşımır. Balaca Rafael Dadaşov böyüyür. Yaxşı ki, belə də oldu! Atamsız dünya çox boşdur. Allaha üsyan etmirəm, çalışıram ki, atamın adını daşıyan övladımı onun, öz adıma layiq böyüdüm" deyə Səidə Dadaşova bildirib.
Milli.Az


Etiketlər:  Nazımla oynayırdı deyə atamı başqasına qısqanırdım Xalq Artistinin qızı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ