Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2019 12:24
Bakı. Trend:
Türkiyə Respublikası Baş Nazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Teoman Tiryaki Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.
Aİİ-dən Trend-ə verilən məlumata görə, rektor Ceyhun Məmmədov qonağı salamlayaraq, Türkiyə-Azərbaycan münasibətlərinin yüksək mənəvi dəyərlər üzərində qurulduğunu vurğulayıb. Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu deyən rektor iki ölkə arasında bütün sahələrdə, o cümlədən, təhsil sahəsində geniş əlaqələrin mövcud olduğunu bildirib. O, rəhbərlik etdiyi İnstitutun beynəlxalq əlaqələrinə toxunaraq, Aİİ-nin xarici ölkə universitetləri, o cümlədən, Türkiyə ali təhsil müəssisələri ilə sıx əlaqələr qurduğunu bildirib.
Bakı nümayəndəliyinin koordinatoru Teoman Tiryaki qurumun fəaliyyəti haqqında məlumat verib, həmçinin agentliyin Azərbaycanda iqtisadi, sosial, mədəni və təhsil sahələrdə həyata keçirdiyi müxtəlif layihələrdən danışıb. Agentliyin hazırda bir sıra ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini, birgə layihələr həyata keçirdiyini qeyd edib.
Görüşdə, həmçinin 19-20 sentyabr 2019-cu il tarixdə keçiriləcək “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi-Əhməd bəy Ağaoğlu” mövzusunda elmi konfransla bağlı müzakirələr aparılıb. Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist, tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə keçirilir.
Görüşdə, eyni zamanda, birgə kitab çapının həyata keçirilməsi, arxivlərin elektronlaşdırılması məsələləri də müzakirə olunub.
Sonda qonaq Aİİ-nin kitabxanası ilə tanış olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin