Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2019 13:12
Bakı. İlhamə İsabalayeva - Trend:
2019-2020-ci tədris ilində Bakıda 25, Sumqayıtda 10, Mingəçevirdə 5, Şamaxıda 5, Gəncədə də 5 məktəbin “Rəqəmsal bacarıqlar” layihəsinə cəlbi nəzərdə tutulur.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-2020-ci tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi təxminən 120 məktəb üzrə 70 000 şagirdi əhatə edəcək.
Layihəyə yeni qoşulmuş 50 məktəbin təxminən 150 sinfində Azərbaycan Təhsil Şəbəkəsinin operatoru olan AzEduNet şirkəti tərəfindən 3000 ədəd kompüter texnikasının quraşdırılması və şəbəkəyə qoşulması üzrə işlər həyata keçirilir.
Xatırladaq ki, 2017-2018-ci tədris ilində başlayan layihənin həyata keçirilməsində məqsəd şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin