Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2025 11:50
İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədovun ikinci oğlu da tutduğu vəzifədən azad edilib.
Sonxeber.net xəbər verir ki, bu barədə müvafiq əmrlə qərar verilib. Toğrul Səmədov, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə tabe olan 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən kənarlaşdırılıb.
Bildirilir ki, onun ədliyyə orqanlarındakı xidməti fəaliyyəti zamanı aşkarlanan ciddi nöqsanlara görə işinə xitam verilib.
Xatırladaq ki, Saleh Səmədov bir müddət əvvəl - 9 May Qələbə Günü münasibətilə keçirilən tədbirdə SSRİ bayrağı və sinəsində "Georgi lenti" ilə çıxış etdiyi üçün ictimai qınağa tuş gəlmişdi. Bu davranışına görə o, Azərbaycan Ağsaqqallar Şurasının sıralarından uzaqlaşdırılmışdı.
Səmədovun digər oğlu İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Kamran Səmədov da bir müddət əvvəl vəzifəsindən azad olunmuşdu.
Qeyd edək ki, Saleh Səmədov təxminən beş ay öncə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib./qafqazinfo