Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2022 16:55
"Yalçın Rzazadə ilə bağlı ürəyimdə o qədər xoş sözlər, xatirələr var ki, onları sözə çevirib, ifadə etmək mənim üçün çox çətindir. Onun səmimiyyəti, ifa tərzi, mədəniyyəti, hətta geyimləri bir-birini o qədər gözəl tamamlayırdı ki. Ona hər zaman heyran olmuşuq. Yaşımızdan asılı olmayaraq aramızda çox böyük hörmət və dostluq var idi. Biz onun nəğmələri ilə böyüyüb boya-başa çatmışıq. Onun ifasına, sənətinə olan hörmətdən dolayı onun ən məşhur mahnılarını ifa etmişəm. Yalçın müəllimlə eyni universitetdə müəllim olaraq çalışmaq da mənim qismətimə yazıldı"
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Gülyanaq Məmmədova bildirib. O, daha sonra əlavə edib.
"Tez-tez görüşürdük, ailə məclislərinə, yubileylərə bizi dəvət edirdi, o bizə gəlirdi. Atamla anamın həm yubiley doğum günlərini, həm də qızıl toylarını qeyd edirdik. 2016-cı il idi. Yalçın müəllim, 160-170 təzyiqlə evdən çölə çıxa bilmirdi həmin gün. Buna baxmayaraq bizim dəvətimizi qəbul edib gəlmişdi. Onun "Dədə Qorqud" mahnısı ilə atamla-anamı məclisə dəvət etdik. Dedi ki, ordan musiqini verin, mən fonoqram oxumayacağam, musiqi bitsin canlı oxuyacağam. Çox müğənnilərlə də dostluq, yaxınlıq etməzdi. Ürəyinə yaxın olan insanları yanına buraxardı. Hamı ilə də duet oxumazdı. Özü mənə dedi ki, bir duetimizin ərsəyə gəlməsini istəyirəm. Yalçın müəllimlə birgə öz yubileyində Heydər Əliyev adına sarayda "Taleyim" mahnısını duet oxuduq. Ordan da bir ideya yarandı və dedi ki, bir mahnını da gəl oxuyub yazdıraq, həyatın işini bilmək olmaz. Dedi ki, Nazim Əhmədovda bir mahnım var, sən də orada öz partiyalarını oxu. Getdim oxudum, gözəl bir duetimiz alındı. Çox təəssüf ki, Yalçın müəllimin səhhəti imkan vermədi ki, həmin mahnını efirdən səsləndirək. İnşallah ki, ruhu şaddır. Özü səhnədə olmasa da elə bilirəm ki, ruhu hər zaman mənimlədir. Həmin mahnını Yalçın müəllim yanımdaymış kimi oxuyuram. O bizim üçün böyük bir məktəbdir" deyə xalq artisti bildirib.