Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2025 15:56
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın artıq konseptual mərhələdən çıxaraq praktik və dayanıqlı əməkdaşlıq modelinə çevrildiyini bir daha nümayiş etdirdi".
Sonxeber.net xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Onun fikrincə, Prezidentlərin mətbuata bəyanatları göstərdi ki, tərəflər münasibətləri sadəcə diplomatik etiketi qorumaq üçün deyil, real geosiyasi maraqların uzlaşdığı, qarşılıqlı etimadın maksimum səviyyədə formalaşdığı bir müstəvidə inkişaf etdirirlər.
"Cənab Prezident İlham Əliyevin "Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır" fikri təsadüfi bəyanat deyil, son illərdə imzalanan sənədlərin və həyata keçirilən layihələrin məntiqi nəticəsidir. Xüsusilə ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələri yalnız siyasi deyil, iqtisadi, enerji və təhlükəsizlik müstəvilərində də ən yüksək səviyyəyə qaldırdı. Cənab Prezidentin vurğuladığı kimi, bu sənəddən sonra əməkdaşlığın bütün istiqamətlərində dinamika kəskin şəkildə artdı və bu gün tərəflər sözdə deyil, əməldə strateji tərəfdaşlıq nümayiş etdirirlər. Bu, həm Azərbaycanın Avropaya inteqrasiya xəttinə, həm də Slovakiyanın Cənubi Qafqaz regionunda etibarlı tərəfdaş axtarışına tam uyğun gəlir".
Fikirlərini davam etdirən millət vəkili daha sonra bildirib ki, Slovakiya Prezidenti Peter Pelleqrininin səsləndirdiyi fikirlər qarşılıqlı siyasi iradənin təkcə Bakıda deyil, eyni zamanda, Bratislavada da prioritet səviyyədə olduğunu nümayiş etdirdi:
"Prezident Pelleqrininin "Slovakiya Azərbaycanı regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir" sözləri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun yüksək qiymətləndirilməsinin göstəricisidir. Bu kontekstdə cənab Prezident İlham Əliyevin enerji təhlükəsizliyi haqqında verdiyi bəyanat xüsusi əhəmiyyət daşıyır: Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının 14-ə çatması, həmçinin boru kəmərləri ilə qaz ixracında birinci yerə çıxması artıq ölkəmizin qlobal enerji xəritəsində aparıcı oyunçuya çevrildiyini sübut edir. Yeni yataqların işə düşməsi ilə Slovakiyaya və onun qonşularına qaz tədarükünün artırılması perspektivi Azərbaycanın Avropa üçün yalnız bu günün deyil, həm də yaxın onilliklərin etibarlı enerji tərəfdaşı olaraq qalacağını göstərir. Bu səfər bir daha sübut etdi ki, Bakı-Bratislava xətti təkcə siyasi dialoq deyil, Avropanın enerji təhlükəsizliyinə və regional sabitliyə real töhfə verən strateji xəttdir və Azərbaycan bu əməkdaşlığın mərkəzində duran əsas aparıcı qüvvədir".